Ölkə çempionatında üzrsüz iştirak etməyənlər yığmadan uzaqlaşdırılacaqlar

Ölkə çempionatında üzrsüz iştirak etməyənlər yığmadan uzaqlaşdırılacaqlar

Gələn ilin yanvar ayının əvvəllərində keçiriləcək güləş üzrə Azərbaycan çempionatında üzrsüz səbəblərdən iştirak etməyən idmançılar milli komandanın heyətindən uzaqlaşdırılacaqlar. Bu haqda SİA-ya sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçi əvəzi Firdovsi Umudov məlumat verib.

Bununla bağlı məşqçilər tərəfindən Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və məşqçilər korpusu qarşısında məsələ qaldırılacaq. F.Umudov artıq bu barədə milli komandanın üzvlərinə xəbərdarlıq etdiyini bildirib: "Yığma komandanın bütün üzvlərinə xəbərdarlıq etmişəm ki, kimliyindən asılı olmayaraq, üzrsüz səbəblərdən Azərbaycan çempionatında iştirak etməyən güləşçi milli komandanın heyətindən uzaqlaşdırılacaq. Olimpiya, dünya, Avropa çempionu və mükafatçıları olsalar belə, öz istəkləri ilə, üzrsüz olaraq ölkə çempionatında çıxış etməyənlər yığma komandanın tərkibinə buraxılmayacaqlar. Çünki təqvim planımız sıxdır. Ölkə çempionatından sonra fevralda İranda dünya Kuboku yarışına, mayın əvvəllərində Avropa çempionatına, mayın ortalarında isə IV islam Həmrəyliyi Oyunlarına qatılacağıq. Yığma komandanın bu yarışlarda mübarizə aparacaq heyətini isə Azərbaycan çempionatının nəticələrinə görə seçəcəyik. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq və yüksək nəticələr qazanaq".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə