“Qızıl Qran Pri” turnirinin final mərhələsinin açılış mərasimi keçirilib FOTOLAR

“Qızıl Qran Pri” turnirinin final mərhələsinin açılış mərasimi keçirilib FOTOLAR

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Dünya Güləş Birliyinin (DGB) vitse-prezidenti Axrolcan Ruziyev, Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyev və digərləri iştirak ediblər.

Tədbirin bədii hissəsində incəsənət ustalarının ifasında mahnılar səsləndirilib, rərs qrupları çıxış ediblər. Sonra Azərbaycan güləşçilərinin uğurlarına həsr olunmuş videoçarx nümayiş olunub və yarışda iştirak edən komandalar arenaya dəvət edilib.

Komandaların paradından sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək Azərbaycanda idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb: "Bu diqqət və qayğının nəticəsidir ki, hər il ölkəmizdə olimpiya və qeyri-olimpiya növlərində 50-dən artıq beynəlxalq yarışlar keçirilir, idmançılarımız beynəlxalq arenalarda, Olimpiya Oyunlarında yüksək nəticələr göstərirlər. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turniri də dünyanın ən mötəbər yarışlarındandır. Belə yüksək səviyyəli turnirin Azərbaycanda keçirilməsi Dünya Güləş Birliyinin ölkəmizə göstərdiyi etimaddan irəli gəlir".

Dünya güləş Birliyinin vitse-prezidenti Axrolcan Ruziyev qurumun prezidenti Nenad Laloviçin adından bütün yarış iştirakçılarını və təşkilatçıları salamlayıb. O, güləş idman növünün inkişafına göstərdiyi böyük dəstəyə görə Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.

A.Ruziyev yarış iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, DGB-nin İdarə Heyətinin üzvü Namiq Əliyev bütün qonaqları ölkəmizdə salamlayıb. O, mötəbər turnirin Azərbaycanda 9 ildir yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. N.Əliyev dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsində Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. O, idmançılarımızın olimpiadada qazandıqları uğurları xatırladıb: "Azərbaycanda güləş idman növü yüksələn xətt üzrə inkişaf edir. Qarşıda idmançılarımızı bir çox mötəbər yarışlar gözləyir. Güləşçilərimiz uğurlarımızı davam etdirəcəklər. Əminəm ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi ədalətli idman mübarizəsi şəraitində keçəcək və qonaqlarımız ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlar".

N.Əliyev turniri açıq elan edib və Azərbaycanın Dövlət Himni səsləndirilib. Açılış mərasimindən sonra final görüşləri başlayıb.

Qeyd edək ki, sayca 9-cu dəfə təşkil olunan turnirdə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Yarışa noyabrın 26-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə