Elçin Zeynalov: "Azərbaycan İCF-nin İcraiyyə Komitəsində təmsil oluna bilər" AÇIQLAMA

Elçin Zeynalov: "Azərbaycan İCF-nin İcraiyyə Komitəsində təmsil oluna bilər" AÇIQLAMA

"Çox şadam ki, Beynəlxalq Kanoe Federasiyasının (İCF) XXXVI Konqresi Bakıda keçirilir. Bu, bizim ölkə, federasiya üçün mühüm əhəmiyyətə malikdir ". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov deyib.

O, İCF-nin XXXVI Konqresinin AMAF-ın yubileyi ilə eyni vaxta təsadüf etdiyini bildirib: "Federasiya 2006-cı ildə təsis olunub. Bu il AMAF-ın 10 illiyini qeyd edirik. Konqres də 10 illiklə üst-üstə düşür. Koqresdə 87 ölkənin nümayəndəsi iştirak edir. Ümumilikdə 200-dən artıq nümayəndə var. İCF-də bəzi struktur dəyişiklikləri gözlənilir. Sabah isə bu quruma yeni prezident seçiləcək".

E.Zeynalov Azərbaycanın İCF-nin İcraiyyə Komitəsində təmsil oluna biləcəyini söyləyib: "Hər qitədən, o cümlədən Avropadan İcraiyyə Komitəsində 4 nümayəndə iştirak edir. Azərbaycan da bu qitəyə aiddir. Gələcəkdə Azərbaycana belə təkliflərin edilməsi mümkündür. Şübhəsiz ki, ölkəmiz İCF-nin İcraiyyə Komitəsində təmsil oluna bilər. Amma bu, sabahkı Konqresdə gözlənilmir".

Onun sözlərinə görə, gələcəkdə Bakıda kanoe üzrə Avropa və dünya çempionatları da keçirilə bilər: "Keçən il "Bakı 2015" I Avropa Oyunlarında kanoe idmanı təmsil olundu və Mingəçevirdə keçirildi. Amma dünya və Avropa çempionatlarını keçirmək üçün kanal lazımdır. Bu kanalı isə Bakıda qurmaq planlaşdırılır. Avropa və dünya çempionatları zamanı çoxsaylı qonaqlar gəlir. Onların yerləşdirilməsi, asudə vaxtının təşkili önəmlidir. Mənə elə gəlir ki, bu səbəbdən belə çempionatlar Bakıda keçirilməlidir. Bununla bağlı müəyyən işlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə