Bakıda İCF-nin Növbədənkənar Konqresi öz işinə başlayıb FOTOLAR - SƏS TV
Bu gün Bakıda Beynəlxalq Kanoe Federasiyasının (İCF) Növbədənkənar Konqresi öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirə 89 ölkənin 200-dən çox nümayəndəsi qatılıb. Daha 29 ölkə isə öz səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. İCF-nin növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edib.
Öncə bu il ərzində beynəlxalq kanoe ailəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopez tədbiri açıq elan edərək, konqresin yüksək səviyyədə təşkilinə görə Azərbaycana və Azərbaycan Milli Avarçəkmə Federasiyasına minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov qonaqları salamlayıb. O, Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışıb. Federasiya prezidenti ölkəmizdə keçirilən beynəlxalq yarışlar və idmançılarımızın uğurları haqqında məlumat verib. E.Zeynalov bu il AMAF-ın yaranmasının 10 illiyinin tamam olduğunu bildirib: "Bu illər ərzində AMAF bir çox uğurlara imza atıb. 10 ildə avarçəkmənin nüfuzunun artırılması və infrastrukturun inkişaf etdirilməsi istiqamətində bir çox işlər həyata keçirilib. 2009-cu ildə yerli avraçəkmə federasiyasının idmançıları dünya və Avropa çempionatlarında ilk dəfə medal qazanıblar. Bu müddətdə beynəlxalq arenada 17 qızıl, 24 gümüş, 13 bürünc medal əldə olunub. Avarçəkənlərimiz "Rio-2016" Yay Olimpiya Oyunlarında da uğurla çıxış ediblər. Olimpiadada1 gümüş və 1 bürünc medal qazanmışıq".
O, Konqresin işinə uğurlar arzulayıb.
Daha sonra Konqresdə İCF-nin strukturu müzakirə edilib. Yeni struktur və rəhbər orqanlar üzrə müzakirələrdən sonra səsvermə keçirilib. Habelə, Nizamnamədə yeni idarəetmə strukturunun fəaliyyəti üçün lazımi dəyişikliklərlə bağlı müzakirə və səsvermə olub.
Sabah isə İCF-nin XXXVI Konqresi keçiriləcək. Konqresin proqramına, əsasən, İCF prezidenti, vitse-prezidentləri, kanoe-sprint, kanoe-slalom, kanoe-marafon və digər növlər üzrə sədrlərin, ayrı-ayrı qitələr üzrə nümayəndələrin seçkisi daxildir.
Bundan başqa İCF-nin 2016 - 2020-ci illər üçün İnkişaf Proqramının həyata keçirilməsi üzrə hesabatı dinləniləcək, həmin illərdə qarşıya qoyulmuş hədəflər, Direktorlar Şurası, İcraiyyə Komitəsi və milli federasiyaların bütün təklifləri müzakirə olunacaq, federasiya nümayəndələrinin görülən işlərlə bağlı məruzə və hesabat xarakterli, xəzinədarın 2014 - 2016-cı illərdə maliyyə uğurları və problemlərlə bağlı çıxışı olacaq, qarşıdakı 2 il üçün İCF-nin iş proqramı və büdcəsi müzakirə və təsdiq ediləcək, 2016 - 2018-ci illəri əhatə edən dövr üçün növbəti Konqresin tarixi və yeri müəyyənləşdiriləcək.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB