Fərid Qayıbov: “Azərbaycanın özünəməxsus idman turizmi formalaşıb” AÇIQLAMA

Fərid Qayıbov: “Azərbaycanın özünəməxsus idman turizmi formalaşıb” AÇIQLAMA

"Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubok yarışı Azərbaycan Gimnastika Federasiyasının (AGF) regionlarda keçirdiyi ilk turnir deyil. Federasiya bir çox regionlarda yarışlar təşkil edir". Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov deyib.

O qeyd edib ki, Azərbaycanın regionlarında gimnastika üzrə yarışların keçirilməsi ölkədə idman turizminin özünəməxsus inkişafına kömək edir: "Altı növ gimnastika var və biz onların hər biri üzrə Azərbaycan birinciliyi və çempionatı keçiririk. Mingəçevirdəki yarışda kiçik yaşlı gimnastlar iştirak edirlər. Burada yüzdən çox uşaq toplaşıb. Biz Bakıdan başqa, regionlarda da bədii gimnastikanı inkişaf etdiririk və onların sayı ildən-ilə artır".

Baş katib bildirib ki, AGF 6 ay öncə Mingəçevirdə gimnastika bölməsi açıb: "Biz çempionatı və birinciliyi heç olmasa ildə bir dəfə Bakıdan kənarda keçirməyə çalışırıq ki, yerli sakinləri, uşaqları gimnastika bölməsinə cəlb edək. Mingəçevirdə ilk dəfə bölmə yaradılanda 240 uşaq gəlmişdi. Belə anşlaq olacağını gözləmirdik".

F.Qayıbov 23-cü Azərbaycan birinciliyi və 3-cü Bölgələrarası Kubok yarışının yüksək səviyyədə keçdiyini vurğulayıb: "Bakıdan gələn valideynlərə təşəkkürümü bildirirəm. Bu dəfə digər yarışlarla müqayisədə daha çox tamaşaçı gəlib. Artıq Azərbaycanın özünəməxsus idman turizmi formalaşıb. Mən çox şadam ki, insanlarımızda gimnastikaya maraq artıb. Bu, bir günün deyil, çox illik zəhmətin nəticəsidir".

Baş katib bu il federasiyanın məhsuldar iş planı həyata keçirdiyini qeyd edib: "Bu il biz Bakıda 3 dünya kuboku yarışı keçirmişik. Kifayət qədər çox işimiz olub. İdmançılarımız Avropa çempionatları və olimpiadada iştirak ediblər. Ona görə yerli yarışları ilin sonuna saxladıq. Son anda qonşu ölkə idmançılarına da dəvət göndərmək qərarına gəldik. Ukrayna və Qazaxıstan gimnastları dəvətimizi qəbul etdilər.

Xarici gimnastların iştirakı bu yarışa böyük önəm verir. Onların turnirə qatılması uşaqlarımız üçün də əhəmiyyətlidir. Gimnastlarımız başqa ölkədən olan idmançılarla yarışır, başqa məktəbin təcrübəsini görür, dostluq əlaqələri yaradırlar. Bu yarışdan sonra yekun ballara görə 2 gimnastı Bakıya gətirmək, burada onların məşqini təşkil etmək niyyətindəyik. Sözügedən gimnastlar kiçik yaşlı olmalarına baxmayaraq, böyük potensiala malikdirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə