“Olimpiya hərəkatı” idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib

“Olimpiya hərəkatı” idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib

Noyabrın 21-də Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Təhsil, habelə Gənclər və İdman nazirliklərinin birgə tərəfdaşlığı ilə icra olunan "Olimpiya hərəkatı" məktəblilərin kütləvi idman proqramının yeni mövsümünün təqdimat mərasimi keçirilib.

SİA-nın məlumatına görə, MOK-un inzibati binasında keçirilən tədbirdə əvvəlcə "Olimpiya hərəkatı" proqramının ötən il uğurlu icrası nəticəsində qazanılan nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək cari mövsümdə proqramda nəzərdə tutulan yeniliklər barədə məlumat verib.

O, idmanımızda yeni gənc nəsilin formalaşdırılmasının lazım olduğunu bildirib: "Bu il Azərbaycan idmanı üçün çox uğurlu olub. İdmançılarımız "Rio-2016" Yay Olimpiya Oyunlarında 18 medal qazanıblar.10 idmançımız isə ilk beşliyə daxil olub. Nəticələri qoruyub saxlamaq üçün idmanımızda yeni gənc nəsil formalaşdırmaq lazımıdır. Buna məhz kütləviliklə nail olmaq olar. Ötən il keçirdiyimiz bu tədbir çox uğurlu alındı. Layihədə 52 mindən çox idmançı, Bakının bütün məktəbləri, onların rəhbərləri, idman müəllimləri fəal iştirak etdilər. Milli Olimpiya Komitəsinə dəstək olan Təhsil, Gənclər və İdman Nazirliyi, "Coca-Cola" şirkətinə minnətdarlığımı bildirirəm. İmzaladığımız yeni memorandumun nəticəsində ölkəmizdə Olimpiya hərəkatı daha da güclü olacaq. Ötən ilki tədbirdən sonra mindən artıq uşaq həmin idman növlərinə yazılıb, məşğul olurlar. Hər zaman Azərbaycanın idman ölkəsi olduğu deyilir. İstəyərdim ki, bundan sonra Azərbaycanın gənc idmançılar ölkəsi olduğu deyilsin".

Təhsil naziri Mikayıl Cabbarov məktəblilərin sağlamlığının qorunmasında "Olimpiya hərəkatı" proqramının müstəsna rolunu qeyd edib.

"Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Erdinc Güzel tədbirdə sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayaraq, bu baxımdan "Olimpiya hərəkatı" proqramının mühüm rolunu diqqətə çatdırıb.

Proqramın yeni mövsümü ilə bağlı videoçarxın təqdimatından sonra MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov və "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş direktoru Erdinc Güzel əməkdaşlıq haqqında memorandum imzalayıblar. Memorandum proqram çərçivəsində məktəblilər üçün münbit idman mühitinin yaradılması, "Bakı-2015" ilk Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya İdman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün fəaliyyətin təşkili məqsədini daşıyır.

"Olimpiya hərəkatı" idman proqramının əsası 2003-cü ildə "Coca-Cola" və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da "Coca-Cola"nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. "Olimpiya hərəkatı" proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir və Azərbaycanda idmanın inkişafına töhfə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə