Əsgərxan Novruzov: "Məqsədimiz Olimpiya Oyunlarında uğur qazanmaqdır" AÇIQLAMA

Əsgərxan Novruzov: "Məqsədimiz Olimpiya Oyunlarında uğur qazanmaqdır" AÇIQLAMA

"Daha öncə də uzun illər yeniyetmələrdən ibarət yığma komandanı çalışdırmışdım. Federasiya rəhbərliyi heyəti Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına hazırlaşdırmaq məqsədilə məni yenidən bu komandaya böyük məşqçi təyin etdi". Bunu SİA-ya açıqlamasında sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov deyib.

O, yığma komandanın tamamilə yeniləndiyini bildirib: "Yeniyetmələrdən ibarət komandanın heyətini tanımaq çətindir. Çünki, bu komandadakı güləşçilər böyüyür, gənclər yığmasına keçir, əvəzinə yeniləri gəlir və heyət dəyişir. Yeni təyinatdan sonra komandanın durumu ilə yaxından tanış oldum və illik plan hazırlandı. Bu komanda bizim əsas bazamızdır. Burada iş yaxşı olmalıdır ki, əsas komanda üçün yeni güclü güləşçilər yetişsin. Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Hacı Əliyev və onlar kimi digər tanınmış güləşçilər yeniyetmələrdən ibarət yığma komandada rəhbərliyimiz altında hazırlıq keçib, dünya və Avropa çempionu olublar. Onlar indi böyüklərin Olimpiya Oyunlarında uğurla çıxış edirlər".

Böyük məşqçi qarşıdakı planlar haqqında danışıb: "Mart ayında yeniyetmələr arasında Respublika birinciliyində seçim edib, heyəti müəyyənləşdirəcəyik. Bu heyətlə hazırlıq keçib, dünya və Avropa birinciliklərində iştirak edəcəyik. Əsas məqsədimiz isə 2018-ci ildə Argentinada keçiriləcək yeniyetmələr arasında Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır. Hazırda bəzi yeniyetmə güləşçiləri dəvət edib, böyüklərlə birlikdə məşqlərə qoşmuşuq. Komandanı tam müəyyənləşdirəndən sonra illik plan əsasında yarışlara hazırlaşacağıq".

Ə.Novruzov noyabrın 24-dən 26-dək Bakıda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində Azərbaycan güləşçilərinin yüksək nəticələr qazanacaqlarına inandığını vurğulayıb: "Qızıl Qran Pri" turnirinin final mərhələsində məşqçilər korpusu gənc güləşçilərə də şans veriblər. Hər çəkidə 3 güləşçimiz mübarizə aparacaq. İnanıram ki, güləşçilərimiz turnirdə uğurla çıxış edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə