Həsənağa Rzayev: “Basketbol kompleksinin layihəsi hazırdır" MÜSAHİBƏ
Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Həsənağa Rzayevin SİA-ya müsahibəsi
- Həsənağa müəllim, federasiyaya vitse-prezident təyin olunandan sonra ilk olaraq hansı işləri həyata keçirmisiniz?
- Mən 2016-cı ilin iyul ayında Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti təyin olunmuşam . Təyinatın əsas məqsədi ölkədə yeniyetmə və gənclər basketbolunun inkişafı ilə bağlıdır. Bu istiqamətdə müəyyən təkliflər və proqramlar irəli sürülüb. Regionlarda olimpiya komplekslərində basketbol bölmələrinin yaradılması və inkişafı üçün işlər aparılır. Uşaq Gənclər İdman Məktəblərinə nəzarət gücləndirilib. Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Əsas məqsədimiz seleksiya ilə uşaq və gənclərdən ibarət komandaların yığılmasıdır. Bünövrənin möhkəmləndirilməsinə güc vermişik ki, 4-5 ildən sonra bundan yararlanaq.
- Bu il milli komandamıza yeni baş məşqçi təyin olunub...
- Milli komandanın baş məşqçisi Samit Nuruzadə 2016-cı ildə dəvətimizi qəbul etdi və yığma komandada işə başladı. O, basketbol aləmində çox böyük nufuza malikdir. Mütəxəssis İngiltərə, İspaniya və digər xarici ölkələrdə çalışıb və yaxşı təcrübə toplayıb. S.Nuruzadəyə komandaya yeni bir nəfəs gətirməsi üçün etimat göstərmişik.
- Yığma komandanın gücləndirilməsi üçün milliləşdirilmiş legionerlərdən istifadə oluna bilərmi?
- Xarici vətəndaş olmaqlarına baxmayaraq, çox kiçik yaşlarından Azərbaycanda bu idman növü ilə məşğul olub və bizim mütəxəssilərdən dərs alan oyunçular var. İki türk vətəndaşı var ki, onların atası Azərbaycanın yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandasında böyük məşqçidir. Həmin mütəxəssis Bakıya gələrkən biz onun uşaqlarına basketbolu öyrətmişik. Xarici şirkətlərdə çalışan bir neçə mütəxəssisin də uşqlarına basketbolu biz öyrətmişik və dərslər keçmişik. Onlar indi basketbolda öz sözlərini deyirlər və nəticələr göstərirlər. Həmin oyunçuların soyadları idman ictimaiyyətini çaşdırır. Düşünürlər ki, onlar legionerlədir. Bu gün Eldar Poladxanlı, Ələkbər Məmmədov, Amil, Zaur kimi idmançılarımızı təkmilləşmələri və güclənmələri üçün özümüz xaricə göndəririk. Onlar Azərbaycan idmançılarıdır. Dünya, Avropa çempionatları, beynəlxalq turnirlər zamanı onları yığıb, Azərbaycanı güclü komandanı kimi meydana çıxarda bilərik.
- Regionlarda basketbolun inkişafı istiqamətində hansı işlər aparılır?
- Azərbaycanda basketbol üzrə zona yarışları keçirilir. Bu turnirlər seleksiya baxımından xeyirlidir. Həmin yarışlarda seçimlər edirik. Hansısa rayonda yaxşı göstəriciləri olan gənc oyunçuları komandaya dəvət edirik. Regionlarımızda yeniyetmə və gənc oyunçuların yetişdirilməsi üçün də işlər aparılır.
- Məşqçilərin təkmilləşdirilməsi üçün proqram nəzərdə tutulub?
- Məşqçilərin də seleksiyasını həyata keçirmək istəyirik. Onlar üçün təkmilləşdirmə kursları təşkil etməyi planlaşdırırq. Basketbola həvəsi olan yeniyetmə oyunçu naşı məşqçinin əlinə düşəndə onun həm həvəsi məhv olur, həm də nəticə verə bilmir. Yaxşı məşqçi yeniyetmə oyunçunu düzgün çalışdırsa, ondan gəlcəkdə yararlana biləcəyik. Ona görə seleksiya və təkmilləşdirmə kursları önəmlidir.
- Azərbaycan Basketbol Federasiyasının bazası yoxdur. Bazanın inşa olunması planlaşdırılır?
- Baza məsələsi yaralı yerimizdir. Hazırda bu istiqamətdə işlər aparılır. Federasiya rəhbərliyi tərəfindən işlənən basketbol kompleksinin layihəsi hazırdır. Düşünürəm ki, bu məsələ 2017-2018-ci ildə öz həllini tapacaq. Ona qədər isə, çalışırıq ki, əlimizdə olan resursdardan istifadə edək. Məktəblərin, universitetlərin, olimpiya komplekslərinin idman zallarından müqavilə əsasında istifadə edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB