Baş məşqçi: "İdmançılarımız Kanadaya adaptasiya olmağa çalışırlar" AÇIQLAMA

Baş məşqçi: "İdmançılarımız Kanadaya adaptasiya olmağa çalışırlar" AÇIQLAMA

"Yığma komandamızın vəziyyəti yaxşıdır. Taekvondoçularımızın əhval-ruhiyyəsi yüksəkdir. İdmançılarımız Kanadaya adaptasiya olmağa çalışırlar". Bunu SİA-ya açıqlamasında Kanadada keçirilən dünya birinciliyində olan taekvondo üzrə gənclərdən ibarət milli komandamızın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev deyib.

O qeyd edib ki, yığmamız yarışa tam hazırdır: "Kanada ilə Azərbaycan arasındakı 12 saatlıq fərq biraz çətinlik törədir. Ancaq heyət dünya birinciliyinə yüksək səviyyədə hazırlaşıb. Yığmamızda zədəli idmançı yoxdur. Proqnoz vermək çətindir. Ancaq taekvondoçularımızdan medallar gözləyirik".

Baş məşqçi komandamızın bütün rəqiblərə ciddi yanaşdığını bildirib: "Taekvondo idman növü elektron sistemə keçdikdən sonra zəif və güclü rəqib yoxdur. İdmançılarımız bütün rəqiblərə ciddi yanaşaraq, maksimum gücləri ilə döyüşəcəklər. Ancaq qeyd edim ki, rəqiblərimiz arasında Asiya və Avropa ölkələrinin taekvondoçuları daha güclüdür".

O, dünən komandamızın Kanadada ilk məşqə çıxdığını deyib: "Ola bilər ki, məşqimiz hansısa yığma ilə bir yerə düşsün. Amma məşq üçün hər komandanın öz vaxtı var. Yarış öncəsi rəqib komanda ilə birlikdə məşq etmək düzgün deyil".

Qeyd edək ki, Burnabi şəhərinin "Bill Copeland" idman arenasında keçiriləcək dünya birinciliyinə sabah start veriləcək. Yarış ayın 20-də sona çatacaq. 102 ölkədən 846 taekvandoçunun mübarizə aparacağı yarışda millimiz 8 oğlan və 6 qız idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov dünya birinciliyinə qatılacaq heyətə Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq) və Mert Çiçeyi (73 kq), qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevanı (55 kq) daxil edib.

Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Kanadaya yollanmış komandamız noyabrın 21-də Vətənə qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə