AZAL-dan qol şousu

Azərbaycan Premyer Liqasının XI turunda "Qəbələ" ilə əzmkar heç-heçəyə imza atan AZAL klubu çempionatda yaranmış fasilədən istifadə edərək yoldaşlıq görüşü keçirib. SİA-nın məlumatına görə, komanda Həvəskarlar Liqasında mübarizə aparan "Liman"la qarşılaşıb.

"Azal Arenada"da baş tutan oyunun ilk yarısında baş məşqçi Tərlan Əhmədov Rəşad Əzilli, Feizi Aşkan Əli Əkbər, Tural Hümbətov, Qvanzav Maqomedov, Tagim Novruzov, İlqar Ələkbərov, Eltun Hüseynov, Koronado Adan, Röyal Nəcəfov və Mirzağa Hüseynpura şans verib.

İkinci hissədə isə komandanın gənc və perspektivli futbolçuları meydana çıxıblar. Gənclər arasında ilk fərqlənən futbolçu Azər Quliyev olub. Matçda "təyyarəçilər" əsl qol şousu nümayiş etdiriblər. Belə ki, 18 dəfə fərqlənən meydan sahibləri rəqibə bir dəfə belə şans verməyiblər. AZAL "Liman"ı 18:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Şüvəlan təmsilçisi sabah daha bir yoxlama oyunu keçirəcək. Növbəti qarşılaşmada rəqib gənclərdən ibarət yığma komanda olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21-lə görüş Bakı Olimpiya Stadionunun yardımçı meydançasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə