“Qızıl Qran Pri” turnirinə 700-ə yaxın idmançı qatılacaq

“Qızıl Qran Pri” turnirinə 700-ə yaxın idmançı qatılacaq

Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında təşkil olunacaq. Yarışa 50-dən artıq ölkədən 700-ə yaxın idmançının qatılacağı gözlənilir.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.

Yarışın yayımçısı "İdman Azərbaycan" kanalı, informasiya tərəfdaşı isə "Azərtac" İnformasiya Agentliyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə