"Bu gün Dünya Şahmat Tacı uğrunda hazırkı dünya çempionu Maqnus Karlsenlə (Norveç) İddiaçılar turnirinin qalibi Sergey Karyakin (Rusiya) arasında Nyu Yorkda başlayacaq görüşdə kimin qalib gələcəyini proqnozlaşdırmaq çox çətindir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov deyib.
O, hər iki şahmatçını yaxşı tanıdığını və oyun üslublarına bələd olduğunu qeyd edib: "Onların iştirak etdikləri bir çox turnirlərin baş hakimi olmuşam. Son zamanlar hər iki şahmatçı Şəmkirdə mərhum qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə də mübarizə aparıb. Onların oyun üslubları da müxtəlifdir. Hər iki şahmatçı çox gənc yaşlarından özlərini göstəriblər. Onlar dünyanın ən gənc qrossmeysterləri siyahısındadırlar. M.Karlsen və S.Karyakin 12 yaşlarında qrosmeyster olublar. Onlar həm də eyni yaşdadırlar. Bu iki şahmatının arsında keçiriləcək görüşlər çox geniş maraq doğurur".
F.Həsənov son zamanlar M.Karlsenin bəzi turnirlərdə çox asınlıqla qalib gələ bilməməsi və S.Karyekinin isə hazırda yaxşı hazırlıqlı olduğunu önə çəkib: "Ötən il Bakıda keçirilən Dünya Kubokunda qalib gəlməsi də S.Karyakinə əlavə stimul verəcək. Bir dəfə M.Karlsenin vətəni Norveçdə keçirilən superturnirdə S.Karyakin qalib gəlmişdi. O qələbəyə layiq olduğunu sübut etmişdi. Amma ümumi görüşlərdə hesab M.Karlsenin xeyrinədir. Bu iki şahmatçının görüşü zamanı köhnə hesablar yaddan çıxır, hər şey onların bu günkü hazırlığından asılı olur".
AŞF-nin vitse-prezidenti hər iki şahmatçının hazırlığında Azərbaycan şahmatının yetirmələrinin rolu olduğunu vurğulayıb: "S.Karyakinin hazırlığında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov böyük köməklik göstərib. Onlar bir neçə ildir ki, birlikdə çalışırlar. S.Karyakin bildirib ki, Ş.Məmmədyarovun mübariz, qorxusuz oyun üslubunu götürüb və bu üslub ona çox kömək edib. Ola bilər ki, S.Karyakin bu matçda Şəhriyarın üslubundan istifadə etsin.
M.Karlsenə isə Harri Kasparov ilk dəfə bir neçə il öncə kömək edib. H.Kasparov deyib ki, Karlsen istedadlı şahmatçıdır və ona yalnız yol göstərib. Bu oyun üçün də Kasparov M.Karlsenə kömək edəcək. Yəni, hər iki şahmatçının köməkçisi, məsləhətçisi və onların oyunlarına təsir edənlər Azərbaycan şahmatının yetirmələridir. Deməli, Dünya Şahmat Tacı uğrunda görüşdə Azərbaycan şahmat məktəbi də iştirak edir".
F.Həsənov Dünya Şahmat Tacı uğrunda mübarizədə öz favoritini də açıqlayıb: "Şahmatçılar arasında 12 oyun keçiriləcək. Matçın necə olacağını demək çətindir. Mən üstünlüyü M.Karlsenə verirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB