Bəhruz Nəbiyev: "2016-cı il ARAF üçün uğurlu olub" MÜSAHİBƏ

Bəhruz Nəbiyev: "2016-cı il ARAF üçün uğurlu olub" MÜSAHİBƏ

Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyevin SİA-ya müsahibəsi:

- 2016-cı ilin sonuna yaxınlaşırıq. Bu il Azərbaycan Respublikası Atçılıq Federasiyası üçün necə keçdi?

- 2016-cı il Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) üçün uğurlu olub. İl ərzində 14 cıdır günü planlaşdırılıb ki, artıq 13-ü geridə qalıb. 2016-cı ildə hər ay konkur yarışları keçirilib. May ayında ənənəvi olaraq konkur üzrə Heydər Əliyev Kuboku yarışları və sentyabr ayında isə polo üzrə beynəlxalq turnir baş tutub. Ümumilikdə 2016-cı ili aktiv qiymətləndirmək olar. Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) bu il üçün planlaşdırılan yarışların demək olar ki, 100 faizini təşkil edib.

- Azərbaycanda cıdır yarışları hansı cins atlar üzrə keçirilir?

- Ölkəmizdə cıdır yarışları İngilis, Ərəb, Qarabağ və Dilbaz cinsləri üzrə keçirilir. Hər il olduğu kimi, bu il də ingilis atlarının sayı üstünlük təşkil etsə də, artıq Qarabağ və Dilbaz atlarının da yarışlarda iştirak statistikasında əsaslı dəyişikliklər baş verib. Atların sayı və iştirakçı yerli cinslərin keyfiyyəti baxımından irəliləyiş sezilir. Mükafat fondları isə o qədər də böyük fərq olmadan tətbiq edilməkdədir. İl ərzində ən az say isə Ərəb atlarının qaçışları üzrə qeydə alınıb. Artıq iki ildir ki Axaltəkə atlarının cıdır yarışları isə ümumiyyətlə təşkil olunmur.

- İl ərzində daha çox hansı növdə yarışlar təşkil edilib?

- 2016-cı ildə konkur üzrə yerli yarışlara daha çox üstünlük verilib. Ən böyük konkur yarışı may ayında təşkil olunub və bir sıra xarici dövlətlərin də idmançılarının iştirakı ilə beynəlxalq dərəcəli yarış kimi qeydə alınıb. Hər ay tərəfimizdən hazırlıq yarışları keçirilib, atların və idmançıların idman bacarıqlarının artırılması yolunda əsaslı işlər aparılıb.

- Gənc idmançıların yertişdirilməsi istiqamətində hansı işlər həyata keçirilib?

- ARAF həm federasiya, həm də klublarda gənc idmançıların hazırlığına böyük önəm verir və mütəmadi işlər aparır. Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Respublika Atçılıq İdman Məktəbində təlimlər keçən gənclərin də yetişdirilməsinə diqqət ayrılıb. Belə ki, keçirilən bütün turnirlərdə həmin gənclərin də iştirakı təmin edilib, onlar üçün aşağı hündürlükdə olan xüsusi yarışlar təşkil olunub. Bu yarışlar gələcəkdə həmin gənclərin müxtəlif özəl klublarda işə götürülməsinə və idmançı karyerasının davam etdirilməsinə gətirib çıxaracaq.

- 2018-ci il Polo üzrə Avropa Çempionatının Azərbaycanda keçirilməsi planlaşdırılır. Bununla bağlı məsələlər hazırda hansı mərhələdədir?

- Bu ilin dekabr ayında Argentinada Polo üzrə Beynəlxalaq Federasiyanın Baş Assambleyası keçiriləcək. Tədbirdə ARAF nümayəndə heyəti də iştirak edəcək. Baş Assambleyada 2018-ci il Polo üzrə Avropa Çempionatının Azərbaycanda keçirilməsi məsələsi əsas prioritet müzakirəyə səbəb olacaq. İctimaiyyətə növbəti ilin əvvəlində nəticələrlə bağlı məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə