Azad Rəhimov: "Zəmanət verirəm ki, açılış mərasimi çox maraqlı olacaq"

Azad Rəhimov: "Zəmanət verirəm ki, açılış mərasimi çox maraqlı olacaq"

Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 4-cü Koordinasiya Komissiyasının iclasının ilk günündə media nümayəndələri üçün mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının (İRİF) 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İRİF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, İRİF-in I vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum və Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev iştirak edib.

Gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov may ayında keçirilən 3-cü Koordinasiya Komissiyasının iclasından indiyədək böyük işlər həyata keçirildiyini qeyd edib: "Oyunların Təşkilat Komitəsi və xaricdən dəvət olunan mütəxəssislər tam şəkildə fəaliyyətdədir. Departamentlərə müsahibədən keçirilərək yerli mütəxəssislər də dəvət olunur. Yarışlar 16 idman qurğusunda təşkil olunacaq. İndiyədək 49 ölkə Oyunlarda iştirakını təsdiqləyib. Bu, çox yüksək rəqəmdir. İştirakçı ölkələrin sayının artacağını düşünürük. Komandaların tərkibinin müəyyənləşdirilməsi, yarış cədvəllərinin hazırlanması önəmli məsələlərdəndir. Bunun üzərində ciddi şəkildə işləyirik. Oyunlarda 3000-3500 idmançının iştirakı nəzərdə tutulub. Sosial mediada da işlər aparılır. Heç bir problem yoxdur".

A.Rəhimov yayım şirkətinin tapılması və müqavilə bağlanması istiqamətində danışıqlar aparıldığını bildirib: "Oyunların yayım hüququnu əldə edəcək şirkət haqda mediaya məlumat veriləcək. Əməliyyat Komitəsində 500-ə yaxın mütəxəssis çalışır. Açılış və bağlanış mərasimləri də möhtəşəm olacaq. Açılış mərasimi Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Mərasimdə İslam dünyasının və Şərqin tarixi haqda mövzular bütün dünya ilə bölüşüləcək. Zəmanət verirəm ki, açılış mərasimi çox maraqlı olacaq".

Nazir hər bir idman qurğusunun yanında bilet satışları həyata keçiriləcəyini vurğulayıb: Bundan başqa tərəfdaş şirkətlərin mağazalarında, böyük alış-veriş mərkəzlərində və internetdə də bilet satışları təşkil olunacaq. Biletlər aprel-may aylarında satışa çıxarılacaq. Qiymətlər I Avropa Oyunlarının biletlərinin qiymətlərindən baha olmayacaq".

İRİF-in I vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum Oyunların hazırlıq işlərindən razılığını bildirib: "Təşkilat Komitəsinin və İdman Həmrəylik Federasiyasının fəaliyyətindən məmnunuq. Bizim üçün bu tədbirdə iştirak etmək böyük şərəfdir. Prezident İlham Əliyev İslam Həmrəylik Oyunlarına böyük önəm verir və dəstək göstərir. Ölkə başçısına xüsusi təşəkkür edirik. Əminəm ki, birlikdə Oyunları uğurlu şəkildə keçirəcəyik. Həmrəylik çox vacibdir. Azərbaycanın idman arenaları çoxsaylı yarışları qəbul etməyə hazırdır. Heç bir problemimiz yoxdur".

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə