Yaqub Abdullayev: “Nəticələri daha da yaxşılaşdırmağa çalışacağıq” AÇIQLAMA

Yaqub Abdullayev: “Nəticələri daha da yaxşılaşdırmağa çalışacağıq” AÇIQLAMA

"Samboçularımız noyabrın 10-14-də Bolqarıstanın Sofiya şəhərində dünya çempionatında iştirak edəcək. Millimiz 9 çəki dərəcəsinin 8-də təmsil olunacaq. Yarışda təxminən 100-ə yaxın ölkənin idmançıları mübarizə aparacaq". Bunu SİA-ya açıqlamasında sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yaqub Abdullayev deyib.

O, milli komandamızın noyabrın 9-da Bolqarıstana yollanacağını qeyd edib: "Sofiyaya çatdığımız gün çəki mərasiminə qatılacağıq. Komandamızın tərkibində 52 kq çəki dərəcəsində Ağasif Səmədov, 57 kq-da Fərid Yusifov, 62 kq-da Yusif Nəbiyev, 68 kq-da Emil Həsənov, 74 kq-da Amil Qasımov, 82 kq-da Vüqar Bayramov, 90 kq-da Murad Rəcəbli, 100 kq-da isə Nizami Məmmədov çıxış edəcək. Bu heyətdə zədəli idmançımız yoxdur. Qeyd edim ki, İslam Qasımov zədəli olduğuna görə yarışa qatıla bilməyəcək. Nümayəndə heyətimizə federasiyanın prezidenti Ceyhun Məmmədov başçılıq edəcək. Milli komandanın baş məşqçisi mən - Yaqub Abullayevdir. Yarışda həmçinin ölkəmizi beynəlxalq dərəcəli hakim Cabir İsmayılov təmsil edəcək".

Baş məşqçi yetirmələrinin uğurlu çıxış edəcəyinə inandığını bildirib: "Çempionatda təcrübəli və perspektivli idmançılarımız yarışacaq. Heyətdə yer alan idmançılarımızdan Amil Qasımov dünya və 2 qat Avropa çempionu, Emil Həsənov dünya çempionatının gümüş, Ağasif Səmədov isə dünya və Avropa çempionatının gümüş mükafatçısıdır. Digər samboçularımız isə Azərbaycan çempionları və ölkə kubokunun qalibləridir. Ötən il dünya çempionatında 3 gümüş medal qazanmışdıq. Bu il nəticələri daha da yaxşılaşdırmağa çalışacağıq".

Y.Abdullayev son 4-5 ildə Azərbaycan millisinin reytinqdə ilk 5-likdə olduğunu vurğulayıb: "Bütün ölkələrin idmançılarını ciddi rəqib kimi görürük. Ancaq reytinqdə ilk 5-likdə millimizdən başqa, Rusiya, Belarus, Ukrayna, Bolqarıstan komandaları yer alır. Monqolustan yığması da favoritlər sırasındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə