IV İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyasının 4-cü iclası keçiriləcək

IV İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyasının 4-cü iclası keçiriləcək

"IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına 7 aydan az vaxt qalıb. Noyabrın 8-də Bakıda IV İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyasının 4-cü iclası keçiriləcək. Bu iclasın məqsədi 3-cü iclasdan ötən vaxt ərzində görülmüş işlərə nəzər salmaq, boşluqları, həyata keçiriləcək növbəti işləri müəyyənləşdirmək, eyni zamanda artıq müzakirəsi tələb olunan yeni mövzuların ətrafında fikir mübadiləsi aparmaqdır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

O qeyd edib ki, Koordinasiya Komissiyasının 4-cü iclasında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının (İRİF) 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İRİF-in baş katibi Faisal Abdulaziz Al-Nassar və İslam Həmrəyliyi Oyunları ilə bağlı digər rəsmilər iştirak edəcəklər.

S.Məmmədova bildirib ki, iclas 2 gün davam edəcək: "İlk gün könüllülərlə işin qurulması, nəqliyyat, infrastruktur, yarışda iştirak edəcək idmançıların sayı, idman növləri müzakirə olunacaq. Həmin gün saat 16:00-da media nümayəndələri üçün mətbuat konfransı nəzərdə tutulub. Növbəti günün birinci yarısında idmançıların iştirakı, idman yarışları, marketinq, yayım, kommersiya, həmçinin açılış və bağlanış mərasimləri, ikinci yarısında isə idman arenalarının bu günkü durumu, orada görüləcək işlər, idmançıların məskunlaşacağı məkanlar, onların yerləşdirilməsi və sayı müzakirəyə çıxarılacaq".

Nazirlik rəsmisi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq işlərinin uğurla aparıldığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə