Adil Əliyev: "Həmyerlilərimə bu sevinci yaşatdığım üçün özümü xoşbəxt sayıram" FOTOLAR
Müsahibimiz Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyevdir
- Adil müəllim, bu günlərdə İtaliyada müxtəlif idman növləri üzrə dünya çempionatı adı altında keçirilən şərq döyüşlərində iştirak etmisiniz. İstərdik, bu çempionat haqqında məlumat verəsiniz.
- Dünyada mövcud olan bir sıra federasiyalar keçirdikləri çempionatlarla əlaqədar Kikboks Federasiyasına rəsmi olaraq dəvət göndərirlər. Oktyabrın 25-30 tarixində İtaliyanın Karrara şəhərində keçirilən çempionata da WTKA, WKA təşkilatı tərəfindən federasiyamıza dəvət gəldi və biz də öz növbəmizdə bunu dəyərləndirməyə çalışdıq. Çempionatda əvvəllər də olduğu kimi, kikboksçularla yanaşı, Azərbaycanın digər idman növündə öz sözünü demiş idmançılar da təmsil olunurdular. Yarışa 35 professional idmançı ilə qatılmışdıq. Kikboksçularımızın ümumi nəticələri bizi qane etsə də, bundan sonra bu kimi yarışlardan ikinci, üçüncü dərəcəli idmançılarımızın hazırlığının artırılması üçün istifadə edəcəyimizi düşünürük. Çünki yarışın təşkilatçılıq səviyyəsi bizim əməkdaşlıq etdiyimiz WAKO təşkilatından çox aşağı idi. Ona görə də, bu tipli yarışlarda bir nömrəli idmançılarımızın iştirakı mümkün olmayacaq.

Yarışın təşkilatçılığı olduqca aşağı səviyyədə idi
- Necə oldu ki, uzun fasilədən sonra çempionata qatılmaq qərarı aldınız?
- Ümumiyyətlə, bir idmançının çempionatlara qatılması həyatda prinsipiallıq mövqeyini qoruyub saxlaması üçün vacib amildir. Hər hansı bir yarışda iştirak etmək asan məsələ deyil. Bunun üçün ilk növbədə ciddi hazırlıq, vaxt lazımdır. İştirak edəcəyin idman növü üzrə müəyyən çəki koteqoriyasını seçib ona uyğun təlim məşq prosesinə başlamalısan. Tərtib olunmuş qrafikə uyğun şəkildə hər gün eyni saatda məşqini keçməlisən ki, müəyyən etdiyin çəki dərəcəsində öz bacarığını göstərə biləsən. Nəhayət deyərdim ki, idmanda ən vacib mübarizliyi özündə aşılamaqdır. Doğrudur, mən bir müddət yarışlardan kənarda qaldım. Bu müddət ərzində çəkim arataraq 92 kiloya çatmışdı. Bu da məndə bir növ yarışmaq istəyini azaltmışdı. Amma bir ay idi ki, ciddi şəkildə məşqlərə başlamışdım. Önümdəki ilk yarış sözügedən çempionat olduğu üçün oraya qatılmaq qərarına gəldim. Fasilədən sonra gücümü sınamaq istəyirdim. Yarışda 84 kiloqram çəki dərəcəsində bir rəqibim oldu və rumıniyalı rəqibimə qalib gələrək dünya çempionu oldum.

Həmyerlilərimizə bu sevinci yaşatdığım üçün özümü xoşbəxt sayıram
- Rəqibləriniz əvvəlcədən bəlli idimi? Tanışlığınız var idimi?
- Bizim yarışın bir özünəməxsusluğu var. Gənclər və yeniyetmələr üç dəqiqə rinqdə olurlarsa, veteranların ancaq öz güclərini nümayiş etdirmək üçün iki dəqiqə vaxtları olur. Bu iki dəqiqədən olduqca məharətlə yararlanmalısan ki, adını qaliblər sırasına yazdıra biləsən. Mənim bu yarışmada ancaq bir döyüşüm oldu. Yalnız final görüşündə rumıniyalı idmançı ilə qarşı-qarşıya gəldim və idmansevərlərə, kikboks ailəsinə sevinc hissi yaşada bildim. Tataminin ətrafına yığışan həmyerlilərimizə bu sevinci yaşatdığım üçün özümü xoşbəxt sayıram.
Eduard Məmmədov zədə aldığına görə digər oyunlara qatıla bilmədi
- Sizinlə birgə yarışa qatılanlar arasında dəfələrlə dünya və Avropa çempionu olan tanınmış kikboksçu Eduard Məmmədov da var idi. Onun çıxışını necə qiymətləndirirsiniz?
- Bu yarışa Kikboksun ən güclü idmançıları qatılmışdı. Onlardan biri də Eduard Məmmədov idi. Eduardın çəkisində çox güclü idmançılar düşmüşdü. Amerikadan olan idmançı ilə qarşılaşanda Eduarda qarşı hörmətsizlik oldu. İdmançımızın ayağının sürüşməsindən istifadə edən amerikalı onun burnuna zədə yetirdi. Buna baxmayaraq Eduard mübarizəsini davam etdirdi və həmin rəqibini nakauta salaraq qalib oldu. Təəssüf ki, zədə ciddi olduğu üçün Eduard digər oyunlara qatıla bilmədi.
- Qazandığınız mükafatın məbləğini açıqlaya bilərsinizmi?
- Bu peşəkar deyil, həvəskar yarış olduğu üçün burada müəyyən məbləğ təyin edilməmişdi. Heç bir pul mükafatı olmur. Sadəcə birinciliklə bağlı medal və yarışın atributlarını əks etdirən hədiyyələr oldu.
- Bilirik ki, 2010-cu ildə siz Kikboks Federasiyasının rəhbəri olaraq WAKO-nun Avropa çempionatını ölkəmizdə keçirmisiniz. Gələcəkdə belə bir planınız varmı?
- 2010-cu ildə ölkəmizdə seçki ili olduğu üçün həmin yarışı istədiyimiz səviyyədə keçirə bilməmişdik. Təşkilatçılığımızı daha yüksək səviyyədə qura bilərdik. Amma hazırda bu yöndə fəaliyyətimizi gücləndirmişik və WAKO-nun dünya və yaxud Avropa çempionatının Bakıda keçirilməsi üçün müvafiq təşkilatlara təkliflərimizi, müraciətlərimizi etmişik. Hansı cavab veriləcəksə, ona uyğun da işlərimizi quracağıq.
- Son olaraq istərdik, bir məsələyə də aydınlıq gətirəsiniz. Belə bir təklif səsləndirilir ki, Dünya Azərbaycanlıları İdmançıları Birliyi yaradılsın. Sizin bu təklifə münasibətiniz necədir. Belə bir təşkilat yaradıla bilərmi?
- Bu gün xarici ölkələrdə yaşayan, fəaliyyət göstərən azərbaycanlıların yaratdıqları bu tipli təşkilatların iş prinsipi hələ ki, ürəkaçan deyil. Ona görə də hesab edirəm ki, Dünya Azərbaycanlıları İdmançıları Birliyinin yaradılmasına bir qədər zaman lazım olacaq. Ümumilikdə isə deyərdim ki, yaxşı ideyadır. Bu təklifi yüksək dəyərləndirirəm.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB