Bu gün Milli Məclisin iclasında "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, bu gün bütün dünyada dopinqə qarşı tədbirlər sərtləşdirilir. Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun layihəsinin olmadığını deyən komitə sədri "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" yeni qanun layihəsinin hazırlanması zərurətinin yarandığını söyləyib.
Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını deyən Fuad Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb.
Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apellyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir. Bu, problemli hallarda idmançılara öz hüquqlarını qorumağa yardım edə bilər.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB