BŞH ikinci yazı müsabiqəsinə start verir

BŞH ikinci yazı müsabiqəsinə start verir

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) noyabrın 1-də sayca ikinci olan "Formula-1 jurnalistlərin gözü ilə" adlı yazı müsabiqəsinə start verir. BŞH-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd bu ildən etibarən Bakıda keçirilən Formula-1 yarışına jurnalistlərin marağını cəlb etmək və bütövlükdə ölkə ictimaiyyəti arasında motoridman yarışının bu növü haqqında məlumatlılığı artırmaqdır.

BŞH-nın Marketinq və Kommunikasiya üzrə rəhbəri Nigar Arpadarai jurnalistləri müsabiqədə fəal iştiraka dəvət edir: "Bu il Bakı ilk dəfə Formula-1 Avropa Qran Prisinə ev sahibliyi edib və bu dünya əhəmiyyətli bir yarışı izləmək və işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsət olub.

Fürsətdən istifadə edərək mən bütün əlaqədar jurnalistləri bu müsabiqədə fəal iştirak etməyə səsləyirəm və inanıram ki, ölkə ictimaiyyəti bu məqalələr sayəsində Formula-1 yarışına yaxından bələd olacaqlar və bu da öz növbəsində ölkəmizdə motoridman azarkeşlərinin sıralarını daha da genişləndirəcək".

Dekabrın 25-dək davam edəcək müsabiqədə vətəndaşlığından asılı olmayaraq Azərbaycanda yaşayan və ya işləyən 21 yaşını tamamlamış bütün çap və internet media nümayəndələri iştirak edə bilərlər.

Müsabiqənin nəticələri 14 yanvar 2017-cü il tarixində elan olunacaq və qalib 2017-ci il Formula-1 yarış mövsümü öncəsi Barselonada keçiriləcək sınaq yürüşlərini izləmək üçün İspaniyaya səyahət bileti qazanacaq.

İştirakçılar, həmçinin qiymətli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.

Müsabiqə haqqında daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: www.bakucitycircuit.com/az/media/xbrlr/202/formula-1-through-the-journalists-eyes

Bütün xəbərlər Facebook səhifəmizdə