Olimpiya oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilib FOTOLAR - SƏS TV
Milli Olimpiya Komitəsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına və "Agenda 2020" tövsiyələr kitabına dair mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Nəşriyyat İnformasiya idarəsinin rəisi Cəmaləddin Rəhmanov və Marketinq departamentinin direktoru Mehman Kərimov iştirak edib.
İlk olaraq "Rio-2016"ya həsr olunan videoçarx nümayiş olunub.
Ardınca C.Rəhmanov və M.Kərimov "Olimpiya Gündəliyi 2020" və 20+20 Tövsiyyələr Toplusunda Olimpiya Hərəkatında gender bərabərliyi, olimpiya təhsili, dayanıqlı inkişaf marketinq fəaliyyəti haqqında təqdimatlar ediblər.
M.Kərimov olimpiadada gender bərabərliyinin olmasından danışıb: "Olimpiya Gündəliyi 2020" nəşrində gender bərabərliyi ilə bağlı hissə yer alıb. Burada məqsəd iştirakçıların 50%-nin qadın, 50%-nin isə kişi idmançılar olmasıdır. Kitabda tövsiyələr də yer alıb. Burada dopinqlə bağlı, ilboyu olimpiyanın diqqətdə saxlanılması, olimpiya təhsili və s. məsələlər var. MOK-lar öz ölkələrində UNESCO ilə tərəfdaşlığı gücləndirməli və olimpiya təhsilinə diqqət ayırmalıdırlar".
C.Rəhmanov Azərbaycanda son dövrlərdə inşa edilən idman infrastrukturlarından danışıb: "Bir vaxtlar bərbad vəziyyətdə olan ərazi abadlaşdırıldı və Bakı Olimpiya Stadionu inşa edildi. Bundan başqa, bir neçə idman qurğusu da tikildi. Bu da böyük yarışların təşkilati işlərində ölkələrin həll etməli olduğu birinci məsələlərdəndir".
Ç.Hüseynzadə "Agenda 2020" kitabı və Avropa Olimpiya Komitəsinin Baş Assambleyası haqda məlumat verib: "Olimpiya hərəkatı yalnız Olimpiya yarışlarından ibarət deyil. Bu, insanların həyatını əhatə edən geniş bir hərəkatdır. İnsan həyatında idman, təhsil məsələləri vacibdir. Bunlar idmanın ətrafında olan məsələlərdir. Jurnalistlərdən xahiş edirəm ki, yalnız idmançıların nəticələrini, emosiyalarını deyil, onların ətraflarını, istirahətlərini, qeyd etdiyim digər məsələləri də ictimaiyyətə çatdırsınlar".
O, məktəblərdə olimpiya klubu yaradılacağını vurğulayıb. "Bu barədə təhsil nazirinin müavini ilə danışmışıq. İdeya var, amma hələ müzakirə edəcəyik. Gələn il sözügedən layihənin həyata keçirilməsi planlaşdırlır".
Ç.Hüseynzadə televiziyaların idman proqramlarına geniş yer verməməsi haqda da danışıb: "Dünyada böyük yarışlarda əsas maliyyə gəliri televiziyalardır. Amma bizdə bu fərqlidir. 10 il bundan əvvəl Azərbaycanda heç bir idman kanalı yox idi. Amma indi 2-si fəaliyyət göstərir. Birindən başqa hamısı özəl kanallardır və biz onalara heç nə deyə bilmərik".
MOK rəsmisi hazırda fəaliyyəti qənaətbəxş olmayan idman federasiyaları ilə bağlı da fikirlərini bildirib: "Federasiyalar ictimai təşkilatlardır və heç biri dövlətdən maliyyə almır. MOK da belədir. İdman muxtariyyəti var. Heç bir beynəlxalq və yerli idman təşkilatları təzyiqə məruz qalmamalıdır. Federasiyaların maliyyəşməsi onun öz fəaliyyətindən asılıdır".
Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB