Nazir: "Dopinqə qarşı effektli mübarizə aparmalıyıq"

Nazir: "Dopinqə qarşı effektli mübarizə aparmalıyıq"

"Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar, ölkəmizə dopinq məsələsində ciddi nəzarətə səbəb olub". SİA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Milli Məclisin Gənclər və idman komitəsinin iclasında "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, idmanda dopinqə qarşı mübarizədə fəaliyyətimizi dünyanın tələblərinə uyğunlaşdırıb, ona uyğun hərəkət etmək zaman tələb edir: "Beynəlxalq aləmin dopinq sahəsindəki mübarizəsini nəzərə alaraq Azərbaycan da, bu sahədə üzərinə müəyyən öhdəliklər götürüb və bunu yerinə yetirmək istiqamətində fəaliyyət göstərməli, bu sahəyə öz töhfəsini verməlidir. İdmanda dopinqə qarşı mübarizə sahəsində yeni qanunun hazırlanması ölkə başçısı İlham Əliyevə məruzə edilib və o da, öz növbəsində bildirdi ki, hazırlanacaq qanun mükəmməl olmalı və idmançıların dopinqdən istifadəsini vaxtında aşkar etməyə imkan verməlidir. Ölkə başçısı onu da əlavə etdi ki, elə etmək lazımdır Azərbaycan idmanına ləkə gəlməsin. Azərbaycan necə uğurlar əldə edib və bu uğurlar bundan sonra da davam etdirilməlidir. Odur ki, dopinqə qarşı ciddi mübarizə metodu hazırlanmalıdır".

Nazir əlavə edib ki, dopinqə qarşı hazırlanacaq qanunda bir neçə məsələ öz əksini tapmalıdır: "Birincisi, qanun beynəlxalq standartlara cavab verməli, müstəqil Milli Anti-Dopinq Agentliynin yaradılmasını, idmançıya hər hansı formada təzyiqlər və idmançıda dopinqdən istifadə etməsinin vaxtında aşkar olunması üçün lazımı maddi-texniki bazanın yaradılması öz əksini tapmalıdır. Çünki ildə idmançılarda dopinqin aşkar edilməsi üçün 700-800 növ testdən və müayindən keçirilməsi nəzərdə tutulur. Elə etməliyik ki, dopinqə qarşı effektli mübarizə apara bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə