"Qarabağ" UEFA-nın reytinqində irəliləyib

"Qarabağ" UEFA-nın reytinqində irəliləyib

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. SİA-nın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin III turunun oyunlarından sonra siyahıda müəyyən dəyişiklik baş verib.

Cədvəldə Azərbaycanın 7 klubunun adı yer alıb. Ən yaxşı göstəriciyə "Qarabağ" klubu sahibdir. Bakıda PAOK-u məğlub edən (2:0) Ağdam təmsilçisi 5 pillə irəliləyərək 15,980 xalla 110-ci yerə yüksəlib. "Neftçi" 3 pillə geriləyib. Bakılılar 9,700 xalla 159-cu pillədədir. Səfərdə "Sent Etyen"ə uduzan (0:1) "Qəbələ" isə 2 pillə geriləyib. Hesabında 7,700 xal olan əyalət təmsilçisi 181-ci yərə enib. Bakı "İnter"i 5,950 xalla 220-cü yerdədir. "Xəzər Lənkəran" 4.450 xalla 280-cı, "Kəpəz" 3,950 xalla 301-ci yerdə qərarlaşıb. Siyahıda "Bakı"nın da adı var. Paytaxt klubu 3,700 xalla 309-cudur.

453 klubun yer aldığı siyahıya 150,343 xalla Madrid "Rea"lı başçılıq edir. "Bavariya" 139,213 xalla 2-ci, "Barselona" 136,343 xalla 3-cü pillədədir.

Qeyd edək ki, reytinq klubların avrokuboklarda son beş mövsümdəki göstəricilərinə əsasən hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə