Azərbaycanın 4 otüstü hokkey komandası səfərə çıxır

Azərbaycanın 4 otüstü hokkey komandası səfərə çıxır
2011-ci il Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası üçün ən ciddi sınaq avqustun 20-dən 28-dək Almaniyanın Münhenqladbax şəhərində Avropa çempionatında olacaq. Siasport.az saytı xəbər verir ki, qitənin ən güclü 8 yığmasının mübarizəsi həm də 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək. "B" qrupuna daxil olan milli komandamız Avropa çempionatında ilk oyununu avqustun 21-də Hollandiya hokkeyçilərinə qarşı keçirəcək. Bir gün sonra baş məşqçi, koreyalı Kim Giyesoonun rəhbərlik etdyi yığmamız İtaliya təmsilçiləri ilə qarşılaşacaq. İlkin mərhələdə son oyunumuz 2008-ci ildə Bakıda keçirilən Pekin Yay Olimpiya Oyunlarının Təsnifat yarışında finalda uduzduğumuz İspaniya millisi ilə olacaq. Bir günlük istirahətdən sonra qruplara müvafiq yerləri tutanlar bir-biri ilə çarpaz üsulla qarşılaşacaq. Yəni-4A-3B, 3A-4B,2A-1B,1A-2B. Avqustun 26-sına təyin olunmuş fasilədən bir gün keçəndə Avropa çempionatının yüksək divizyonunda qalmaq üçün 4A-4B və 3A-3B oyunları keçiriləcək. Həmin matçlarda məğlub olanlar elitanı tərk edəcəklər. Odur ki, həmin məsul yarışa az qalmış məqçilər korpusunun qayğıları daha da artıb. Beynəlxalq Hokkey Federasiyasının iyunun 14-dən 28-dək İrlandiyanın paytaxtı Dublin şəhərində dünya reytinqində ikinci səkkizliyə daxil olan milli komandaların iştirakı ilə təşkil etdiyi "Çelenc" turniri də hazırlıq baxımından çox əlverişli sınaqdır. Buna görə də ölkəmizin qadın hokkeyçiləri şənbə günü Hollandiyaya yola düşməklə həmin ölkənin yığma komandası ilə iki yoldaşlıq oyunu keçirməyi və eləcə də qabaqcıl klublarla 2 yoxlama görüşü keçirməyi planlaşdırıb. Hokkeyçilərimiz dünən Niderland millisi ilə ilk yoxlama görüşü keçirib və 0:2 hesabıyla uduzublar. Baş məşqçi Kim Gyessonun yetirmələri Niderland yığması ilə sabah ikinci dəfə qarşılaşacaqlar.

"Bakı" klubu Avropa kubokuna sabah yola düşür

Ötən mövsümdə olduğu kimi, qadınlardan ibarət "Bakı" klubu da bu il Avropa Çempionlar kubokunun "Celenc I" turnirində yarışacaq. İyunun 10-dan 13-dək İtaliyanın Bra şəhərində mübarizə aparacaq "Bakı"komandası "B" qrupuna daxildir. Heyətini 18 yaşlı qızların Avropa çemionatına hazırlaşan yığmamızın təşkil etdiyi "Bakı" klubunun ilk rəqibi Çexiya təmsilçisi "Slaviya Praqa" olacaq. İyunun 11-də qızlarımız güclərini Fransanın "Montouge" komandasının üzvlərinə göstərəcəklər. "Bakı" qrupdakı axırıncı oyununu isə Çexiyanın digər klubu "Praqa"ya qarşı keçirəcək. Yarışın axırıncı günü qruplarda müvafiq yerləri tutanlar çarpaz üsulla oynayaraq yekun yerləri müəyyənləşdirəcəklər. "Bakı" klubu sabah sübh tezdən İtaliyaya səfər edəcək.

"Atasport" yüksək divizyona vəsiqə qazanmaq iddiasındadır

Kişilərdən ibarət "Atasport" klubu da Avropa Çempionlar Kubokunun "Çelenc II" turnirinin startına 2011-ci il iyun ayının 10-da çıxacaq. Heyətini Pakistan İslam Respublikasından dəvət edilən 5 oyunçu ilə gücləndirən "Atasport"artıq bu gün səhər saatlarında Cəbəllütariqə yola düşüb. Həmin ölkədə keçirilən qitəmiqyaslı yarışda "B" qrupunda mübarizəyə qoşulacaq hokkeyçilərimizin start oyunu Cəbəllütariqin "Grammarians" klubu olacaq. Ertəsi gün Danimarka təmsilçisi "Kopenhagen" komandası ilə görüşən "Atasport" iyunun 12-də Yunanıstanın "İmittos" hokkeyçilərini sınağa çəkəcək. İlkin qrup oyunları başa çatdıqdan sonra həmyerlilərimiz tutduqları yerə münasib digər qrupun nümayəndəsi ilə "çarpaz" üsulla oynayacaqlar. Bununla da iştirakçılarin tutduqları yekun yerlər müəyyənləşəcək.

Ölkə çempionu debüt ilində uğurlu nəticə göstərmək iddiasındadır

2010-cu ildə müəyyən obyektiv səbəblər üzündən qitəmiqyaslı kubok yarışlarına gedə bilməyən kişi otüstü hokkeyçilərdən ibarət "Akkord" klubu da bu il öz arzusunu reallaşdıracaq. Avropa Hokkey Federasiyasının qərarına görə Azərbaycan çempionu 10-13 iyun tarixində Slovakiyanın Bratislava şəhərində "Çelenc IV" turnirində mübarizə aparacaq. "A" qrupunda yer alan Azərbaycan çempionunun rəqibləri Sloveniyanın "Moravski Toplitse"(10 iyun), Türkiyənin "Qaziantep Polisgücü"(11 iyun) və yerli "Raca"(12 iyun) komandaları olacaq. Bir gün sonra Azərbaycanın şirkət təmsilçisi qrupda tutduğu yerə müvafiq "çarpaz" üsulla digər qrupun nümayəndəsi ilə qarşılaşacaq: 4A-3B, 3A-4B, 2A-1B, 1A- 2B. Bu oyunlardan sonra kimin yüksək divizyona keçməsinə aydınlıq gətiriləcək."Akkord" Slovakiya səfərinə iyunun 9-da səhər saatlarında yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə