Cavid Qurbanov Voleybol Federasiyasının prezidenti seçildi

Cavid Qurbanov Voleybol Federasiyasının prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Azərbaycan Voleybol Federasiyasının yeni prezidentinin seçilməsi ilə bağlı iclas keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, iclası giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, voleybol idman növü Azərbaycanda böyük ənənələrə məxsusdur. Lakin nəsil dəyişir, hər bir idman növündə olduğu kimi voleybolda da yeniliklər baş verir. Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədovun bu idmanın inkişafında xidmətlərinin əvəzsiz olduğunu qeyd edən nazir, federasiyada dəyişikliklərin aparılması ilə bağlı müzakirələrin getdiyini və nəticədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun bu vəzifəyə seçilməsi ilə bağlı təklifin irəli sürüldüyünü bildirib: "Cavid Qurbanov daim idmançıların, voleybolçuların yanında olub, onlara dəstək verən insandır. Voleybolumuzun daha yüksək inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə, komandamızın 2020-ci ildə Tokyoda keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmasıdır".

Daha sonra Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyev çıxış edərək bu idman növündə son illlər görülmüş işlərin hesabatını verib.

Səs çoxluğu ilə Voleybol Federasiyasına prezident seçilən Cavid Qurbanov çıxışı zamanı bildirib ki, voleybol zəruri, ancaq çox çətin idman növüdür: "2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkatması keçiriləcək. Məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq".

Xatırladaq ki, Federasiyanın bundan öncəki prezidenti nəqliyyat naziri Ziya Məmmədov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə