"Azərbaycan millisinin qapıçısı qol vurmağımıza mane oldu"

"Azərbaycan millisinin qapıçısı qol vurmağımıza mane oldu"

DÇ-2018-in seçmə mərhələsində evdə millimizlə heç-heçə oynayan (0:0) Çexiya millisinin baş məşqçisi Karel Yarolim oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, çex mütəxəssis oyunla bağlı bunları deyib:

- Komandamız qol vurmaq istəyirdi. Təəssüf ki, son zərbələrdə dəqiqliyimiz çatmadı. Azərbaycan millisinin qapıçısı bir neçə dəfə qol vurmağımıza mane oldu. Hücumu qolla nəticələndirməyi bacarmalıyıq. Bunun üzərində işləyəcəyik. Qol imkanlarını düzgün dəyərləndirməliyik".

- Oyunun əvvəlindəki pressinqdən düzgün istifadə edə bilmədiyinizdən qələbə qazana bilmədiniz. Bununla razısınızz?
- Bəli, bununla tam razıyam. İlk 10 dəqiqədə qol vura bilsəydik, nəticə başqa cür olardı.

- Almaniya ilə oyundan sonra niyə bu qədər dəyişiklik etdiniz?
- Oyundan öncə də demişdim, dəyişikliklər oyundan öncə müəyyənləşir. Komanda yeni qurulur. Buna görə, bu cür dəyişikliklər normaldır.

- Bilirəm, cavab vermək çətindir. Sizcə, nə etmək lazımdır ki, komanda qol vura bilsin?
- Sadəcə, inanmaq lazımdır. İnanmasaq, olmaz. Millidə iş klublardan fərqlidir. Klublarda hansısa problemi düzəltmək üçün vaxt olur. Ancaq millidə belə vaxt olmur. Ümid edirəm ki, oyunçular bu problemləri aradan qaldırmaq üçün öz üzərlərində işləyəcəklər.

- İki heç-heçə etmisiniz. Evdə qeydə alınan bu iki heç-heçəni də məğlubiyyətə bərabər saymaq olar. Sizcə, hələ də, DÇ-2018-ə qatılmaq şansınız var?
- Əvvəlcədən fikir bildirmək, münəccimlik etməklə aram yoxdur. Çalışacağıq ki, növbəti mərhələyə adlayaq.

- Oyunun ilk dəqiqələrindəki pressinqdən sonra oyunçuların yerini dəyişdiniz. Bu, Şimali İrlandiya ilə oyunla bağlı idi?
- Bununla mən effektivliyi artırmaq istəyirdim.

- Siz hücum futbolu oynadan məşqçi kimi tanınmısınız. İki oyundan sonra komandanızın qol vura bilməməsini nə ilə əsaslandıra bilərsiz?
- Nə deyim? Bu vəziyyətə sevinmirəm. Öz meydanımızda iki oyun oynasaq da, qələbə qazana bilmədik. Gələn oyunlarda bunun üzərində çalışacağıq.

- Dünənki mətbuat konfransında Prosineçkini məşqçi kimi tanımadığınızı demişdinizz. Bu gün o, sizə özünü məşqçi kimi tanıda bildi?
- Burda yəqin ki, anlaşılmazlıq olub. Heç vaxt Prosineçkidə məşqçi kimi potensial olmadığını deməmişəm. Onunla təxminən eyni yaşlardayıq. Buna görə, onu daha çox futbolçu kimi tanıdığımı dedim. Ancaq onu məşqçi kimi də tanıyıram. Prosineçkiyə hörmət edirəm. Bilirəm ki, onun komandaları həmişə intizamlı olub. O ki qaldı, Prosineçki ilə bağlı fikirlərimə, yəqin, tərcümədə nə isə səhv olub.

Bütün xəbərlər Facebook səhifəmizdə