Abdulbari Gözəl: "Qarabağ"a dəstək olmaq borcumuzdur” AÇIQLAMA

Abdulbari Gözəl: "Qarabağ"a dəstək olmaq borcumuzdur” AÇIQLAMA

"Qarabağ" klubunun sahibi Abdulbari Gözəl komandanın son durumu ilə bağlı jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, komandanın bir neçə turda xal itirməsinə normal yanaşmaq lazım olduğunu qeyd edib: "Hərdən futbolçuların əhval-ruhiyyəsi dəyişir, hərdən özlərindən razılıq əmələ gəlir".

A.Gözəl bildirib ki, klub olaraq, baş məşqçi Qurban Qurbanovun işinə qarışmırlar: "Qurban Qurbanov "Qarabağ" klubunda muxtar respublika kimidir, nə istəyirsə, edir. Komanda hərdən geriləyə, hərdən irəliləyə bilər. Buna normal yanaşmaq lazımdır. Bu yaxınlarda "Barselona"nın oyununa baxdım. Bu komanda da uduzdu. Ondan sonra bir az təskinlik tapdım ki, o qədər büdcəsi olan klub da uduzur, "Qarabağ" klubu da".

O, "Qarabağ" klubunun büdcəsini azaltmadıqlarını vurğulayıb: "Qarabağ" bizim qürurumuzdur. Ən son qəpiyimizi qazanana qədər komandanı dəstəkləyəcəyik. "Qarabağ" klubu Dağlıq Qarabağın Azərbaycana aid olmasına bir sübutdur. "Qarabağ"a dəstək olmaq borcumuzdur".

A.Gözəl "Qəbələ" klubunun çıxışlarına da toxunub: "Bu komandanın güclü olması həm onların özü, həm də "Qarabağ" üçün yaxşıdır. Çünki yaxşı rəqabət yaranır. Bu yaxınlarda Qurban Qurbanovdan soruşdum ki, "Qarabağ" klubu niyə geri gedir? Dedi ki, yerli futbol klubları çox zəifdir, ona görə inkişaf edə bilmirik. Güclü klub tapa bilmirik ki, onlarla oynayaq. Amma "Qəbələ" ilə oyunda iki qol buraxdılar. Dedim sonra demə ki, güclü klub yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə