Avropa Qran Prisinin nəticələrinə dair fikir mübadiləsi aparılıb

Avropa Qran Prisinin nəticələrinə dair fikir mübadiləsi aparılıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bir qrup yerli idman jurnalisti ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüşün keçirilməsində məqsəd bu il Azərbaycanda ilk dəfə keçirilmiş Formula-1 üzrə Avropa Qran Prisinin nəticələri və növbəti il üçün hazırlıqlara dair fikir mübadiləsi aparmaq olub.

N.Arpadarai Avropa Qran Prisinin ölkəmizdə uğurla təşkil edildiyini bütün dünyanın diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, yarış ölkəmizin mədəniyyətinin tanıdılması, turizmin inkişafı baxımından da xüsusi əhəmiyyət kəsb edib. O vurğulayıb ki, Formula-1 ulduzlarının Azərbaycanda yarışı dünyanın əksər ölkələrində canlı yayımlanıb. N. Arpadarai növbəti yarışın adının Azərbaycanla əlaqələndiriləcəyini vurğulayıb: "Ölkəmizdə ilk dəfə keçirilən Formula-1 yarışını Avropa Qran Prisi adlandırmaqda məqsədimiz Bakı yarışını bu idmanın ənənəvi mərkəzi və azarkeşləri ilə yaxınlaşdırmaq və eyni zamanda Bakı şəhərinin sahib olduğu bir çox Avropa dəyərlərini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Milyonlarla qlobal azarkeşin qarşısında paytaxtımızda ilk dəfə Formula-1 yarışını uğurla keçirdikdən sonra bu yarışın adını artıq öz ölkəmiz ilə əlaqələndirməyin tam vaxtı olduğunu hesab edirik. İnanırıq ki, növbəti ildən etibarən Bakıda keçiriləcək yarış Formula-1 Azərbaycan Qran Prisi (Formula 1 Azerbaijan Grand Prix) adlandırılacaq. Biz 2017-ci ildə Bakı Şəhər Halqasında keçiriləcək növbəti Formula-1 yarışını birlikdə qeyd etmək və yarış coşğusunu yaşamaq üçün sizinlə yenidən işləməyi səbrsizliklə gözləyirik".

Qeyd olunub ki, Bakı Şəhər Halqasında keçirilmiş Avropa Qran Prisi zamanı 2016-cı il Formula-1 mövsümündə şəhər trekləri arasında ən yüksək sürət qeydə alınıb. "Williams" komandasının pilotu Valteri Bottas trekin 2,2 km olan dənizkənarı hissəsində 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasında keçirilən ilk yarışda ən yüksək sürəti reallaşdırıb.

Bununla yanaşı 2016 Avropa Qran Prisində başqa bir rekord da əldə olunub. "Williams" komandası 1,92 saniyədə pit-stop əməliyyatını həyata keçirməklə Formula 1 tarixində ən sürətli pit-stop edən komanda adına yiyələnib.

Görüş səmimi söhbət və fikir mübadiləsi ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə