Musa Süleymanov: "Çox məşqçi ilə danışıq aparmışıq"

Musa Süleymanov: "Çox məşqçi ilə danışıq aparmışıq"
"Baş məşqçi məsələmizə yaxın günlərdə aydınlıq gələcək. Bu posta kimi gətirməklə bağlı hələ qərar verməmişik". Siasport.az saytı xəbər verir ki, bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun "Turan" klubunun prezidenti Musa Süleymanov deyib. Ötən mövsüm 4 baş məşqçini yola salan komanda mövsümü köməkçi kimi çalışan Eltay Aslanovla bitirdi. Komandanın növbəti çalışdırıcısının Əsgər Abdullayevin olması gözlənilir. Hər halda, milli komandamızın 51 yaşlı sabiq baş məşqçisi "Turan"ın son turda MOİK-ə 1:4 hesabı ilə uduzduğu oyunu stadiondan izləyib. Komanda ilə daha yaxından tanış olan Abdullayevin təyinatı yaxın günlərdə rəsmiləşməlidir.

Süleymanovun sözlərinə görə isə hələ seçim etməyiblər: "Ola bilsin ki, baş məşqçimiz Abdullayev olsun. Biz təkcə onunla yox, çox məşqçi ilə danışıq aparmışıq. Ancaq hələ ki yekun qərar verməmişik. Ancaq bu ayın sonuna kimi yeni baş məşqçimiz müəyyənləşdirəcəyik. Əcnəbi məşqçi ilə danışıq aparmırıq. Çünki yerli mütəxəssislə çalışmaq istəyirik".

Heyətə toxunan klub prezidenti böyük dəyişiklərin olacağını bildirib: "Çox futbolçu ilə yollarımızı ayıracağıq. Legionerlərdən türkiyəli müdafiəçi Muammer Erdoğdunu saxlamaq istəyirik. O, istəsə, "Turan"da çıxışını davam etdirəcək. Gürcü hücumçu Georgi Beriaşvili də qalacaq. Naci Şensoyun qışda gətirdiyi 2 bolqar futbolçudan Martin Kerçevi saxlayacağıq. Dayaq yarımmüdafiəçisi mövqeyində oynayan bu legionerin çıxışı bizi qane edir. Hücumda oynayan Boris Kondevi isə yola salmışıq. Komandamızda ən azı 3 legionerin olmasını istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə