Təbii qayalarda açıq respublika çempionatı keçiriləcək

Təbii qayalarda açıq respublika çempionatı keçiriləcək

20-22 may 2011-ci il tarixlərində Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı təbii qayalarda idman qayayadırmanması üzrə açıq respublika çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışda FAİREX-in "Salavat", "Zirvə", "A+A", "Ekosport", "Climb-club", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "AzDBTİA", "Qərb Universitetinin idman klubu"nun, o cümlədən digər qurumların idmançıları iştirak edəcək.

60 nəfərdən çox idmançının qatılacağı yarış kişilər və qadınlar arasında iki mərhələdə (mürəkkəblik və boulderinq) keçiriləcək.

İdmançılar əvvəlcə təsnifat, daha sonra 1/8, 1/4, 1/2 və final yarışlarında birinci yer uğrunda mübarizə aparacaqlar.

Bir həftə sonra isə Qobustan qayalıqlarında sürət mərhələsi təşkil olunacaq.

Qeyd edək ki, distansiya və marşrutların təşkili üçün İFSC-nin (Beynəlxalq İdman Qayayadırmanma Federasiyası) tövsiyəsi ilə FAİREX tərəfindən Türkiyədən beynəlxalq dərəcəli mütəxəssis dəvət olunub.

Ölkəmizdə bilavasitə FAİREX-in təşkilatçılığı ilə belə yarışların keçirilməsi artıq ənənəvi xarakter almışdır. Bu cür yarışlar gələcəkdə idmançılarımızın qayayadırmanma texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda beynəlxalq alpinizm, qayayadırmanma və buzadırmanma təşkilatları ilə Federasiyanın əlaqələrinin daha da genişləndirilməsinə xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə