“Atasport” rəqibinə hokkey dərsi keçdi

“Atasport” rəqibinə hokkey dərsi keçdi
Azərbaycan çempionatının yüksək dəstəsində çıxış edən kişi otüstü hokkey komandaları arasında növbəti turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, Bakı Otüstü Hokkey Kompleksində ilk olaraq meydançaya paytaxtın "Atasport" və Sumqayıtın "Gənclik"(U-18) komandaları çıxıb. Gələn ay Cəbəllütariqdə Avropa Kuboku uğrunda turnirə hazırlaşan "Atasport" gənc idmançılara əsl hokkey dərsi keçərək 7:0 hesablı qələbə qazanıb. İkinci görüş isə ölkə çemionu "Akkord" və "gümüş" mükafatçı "Şahdağ" (Qusar) klubları arasında baş tutub. Matçın gərgin keçəcəyi gözlənilsə də şirkət təmsilçiləri rəqiblərini böyük hesabla məğlub etməyə çətinlik çəkməyiblər. Oyun 6:1 hesabı ilə "Akkord"un xeyrinə başa çatıb.
Beləliklə, 5 oyunun hamısında maksimum nəticə göstərən ötən mövsümün çempionu 15 xalla liderdir. Aktivində 9 xalı olan "Atasport" II pillədədir. Keçirdiyi görüşlərdən 6 xal toplayan "Şahdağ" III sıradadır. Yüksək dəstənin sonuncusu-Azərbaycanın 18 yaşınadək hokkeyçilərdən təşkil olunan "Gənclik"(Sumqayıt) komandası isə hələlik 1 xal belə qazana bilməyib.
Xatıladırıq ki, yüksək dəstə komandaları mayın 14-də keçiriləcək oyunlarla birinci dövrəni başa çatdıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə