"Muğan" MOİK-i, "Turan" "Simurq"u məğlub etdi, "Gəncə" isə "Qəbələ" ilə heç-heçə etdi
Azərbaycan Premyer Liqasının XXXI turunun ilk oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, ikinci "altılığ"ın üç oyunu keçirilib.
"Muğan" "Şəfa" stadionunda I diviziona düşən MOİK-i qəbul edib. Salyan klubu autsayderlə oyunda ciddi müqavimətlə üzləşsə də, əlavə vaxtda bir qol vuraraq qələbə qazanıb. "Muğan"ın qələbə qoluna isveçli hücumçu Con Pelu imza atıb.
"Turan" Tovuzda I diviziona düşmüş "Simurq"u qəbul edib. Meydan sahibləri oyuna yaxşı başlayıb və 4-cü dəqiqədə Vurğun Hüseynov hesabı açıb. 28-ci dəqiqədə "Turan" daha bir qol vurub. Bu dəfə də müdafiəçi - Muammer Erdoğdu fərqlənib. 60-cı dəqiqədə "Simurq" Qafar Qafarovun qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.
İkinci "altılığ"ın lideri "Qəbələ" isə "Gəncə"nin qonağı olub. Oyunun 31-ci dəqiqəsində "Qəbələ"nin qapıçısı Pavel Doroşev qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Buna baxmayaraq, "Gəncə" qol vura bilməyib və oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək üç oyunla yekun vurulacaq. "Neftçi" "Qarabağ"ın, "Bakı" "Xəzər Lənkəran"ın, AZAL isə "İnter"in qonağı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB