Rəcəbov Kramniklə, Məmmədyarov Qelfandla heç-heçə etdi

Rəcəbov Kramniklə, Məmmədyarov Qelfandla heç-heçə etdi
Rusiyanın Kazan şəhərində dünya çempionluğuna namizəd şahmatçıların qarşılaşmalarına start verilib. Siasport.az saytı xəbər verir ki, 1/4 final mərhələsində iki Azərbaycan şahmatçısı da oynayır. Bunlar Şəhriyar Məmmədyarov (2772) və Teymur Rəcəbovdu (2744). Nokaut sistemi ilə keçirilən oyunlarda Rəcəbovun rəqibi məşhur rusiyalı Vladimir Kramnikdir (2785). Məmmədyarov isə ilk mərhələni adlamaq üçün israilli Boris Qelfandı (2733) məğlub etməlidir. Digər iki matçda Levon Aronyan (Ermənistan, 2808) Aleksandr Qrişuk (Rusiya, 2747), Veselin Topalov (Bolqarıstan, 2775) Qata Kamski (ABŞ, 2732) ilə üz-üzə gəlir.  
Artıq ilk oyunlara start verilib. Rəcəbov ağ fiqurlarla Kramniklə heç-heçə oynayıb. "Sülh" 25-ci gedişdə bağlanılıb.
Məmmədyarovla Qelfand arasında ilk qarşılaşma isə 39-cu gedişdə dayanıb. Bu oyunda da qalib olmayıb.
Qeyd edək ki, 1/4 final mərhələsində şahmatçılar 4 partiya oynayacaq. Əsas vaxt müddəti 40 gedişə 2 saatdı. Bundan sonra 20 gedişə 1 saat əlavə edilir və son olaraq 15 dəqiqə verilir. 61-ci gedişdən etibarən isə hər gedişə 30 saniyə əlavə edilir.
Bərabərlik halında görüşün taleyi tay-breykdə həll olunur. Burada 25 dəqiqəlik 4 partiya oynanılır və hər gedişə görə 10 saniyə əlavə edilir. Əgər yenə qalib müəyyənləşməzsə, rəqiblər 5 dəqiqəlik 2 blitspartiya oynayır. Burada hər gedişə 3 saniyə əlavə edilir. Əgər 5 belə seriya heç-heçə bitərsə, həlledici partiya (Armageddon) oynanılacaq. Burada ağlar 5, qaralar isə 4 dəqiqə vaxt əldə edəcək. 61-ci gedişdən sonra hər gedişə görə 3 saniyə veriləcək. Yenə bərabərlik qeydə alınarsa, qələbə qara fiqurlarla oynayan şahmatçıya veriləcək.
Final matçı 6 partiyadan ibarət olacaq. Qalib şahmatçı Vişvanatan Anandla (Hindistan) matçda 2012-ci ilin dünya çempionunu müəyyənləşdirəcək.

Oyun günləri: 1/4 final - 5-8 may (əsas partiyalar), 9 may (taybreyklər), yarımfinallar – 12-15 may (əsas partiyalar), 16 may (taybreyklər), final 19-21, 23-25 may (əsas finallar), 26 may (taybreyk).
İstirahət günləri: 10, 11, 17, 18, 22 may.
Oyunlar saat 16.00-da başlayır.


Bütün xəbərlər Facebook səhifəmizdə