İdmançımız dünya çempionatının finalı uğrunda döyüşdə huşunu itirdi

İdmançımız dünya çempionatının finalı uğrunda döyüşdə huşunu itirdi
Cənubi Koreya Respublikasının Gyongju şəhərində taekvondo üzrə Dünya çempionatının 3-cü günü Azərbaycan idmançıları üçün uğursuz alınıb. Siasport.az saytı xəbər verir ki, yarışların ikinci günü yarımfinala çıxmaqla bürünc medalı təmin edən Ramin Əzizov (-80 kq) dünənki döyüşdə gözlənilməz vəziyyətlə üzləşib. Dünya çempionu olan Azərbaycan əsilli təcrübəli iran idmançısı Fərzad Abdullahi ilə final uğrunda ilk saniyələrdən gərginliyilə diqqət çəkən görüş birinci raundun sonuna yaxın başa çatıb. Ayaqla başa zərbəsi boşa çıxan R.Əzizov döşək üzərinə yıxılarkən təsadüfən baş nahiyəsindən rəqibin qüvvətli ayaq zərbəsinə tuş gəlib. Bir anlıq huşunu itirən idmançımız sonra döyüşü davam etdirə bilməyib və çempionluq şansından məhrum olub.
Çempionata qələbəylə başlayan digər taekvondoçularımızdan İlkin Şahbazov və (-68 kq) Günay Ağakişiyeva (-57 kq) da imkanlarını qaçırıblar. Yarışa ilkin mərhələdən qatılan Avropa çempionu İ.Şahbazov misirli Xalid Boulabheymi 3:2 hesabı ilə məğlub edib. Bosniya və Hersoqovinalı növbəti rəqibi mübarizəyə qatılmadığından, İlkin Şahbazov birbaşa iordaniyalı Məhəmməd Əbülibdehlə görüşüb. Hesab son saniyələrdə bir xal fərqi ilə rəqibin xeyrinə olub-11:12. Günay Ağakişiyeva isə Bosniya və Hersoqovinalı Antonella Marijana 6:3, ardından tayland idmançısı Voravonq Ponqpanitə 7:5 hesabı ilə qalib gəlib. Təssüf ki, taekvondoçumuz iranlı Sousan Hajıpurguliyə 5:7 hesabı ilə məğlub olaraq bürünc medal uğrunda görüşə qatıla bilməyib. Səbinə Mikayılovanın da qabonlu Urgens Mouesa ilə birinci mərhələdə qarşılaşması 3:5 hesablı məğlubiyyətlə yekunlaşıb. 
Mayın 6-dək dünya çempionatında milli komandamızın daha 8 üzvü müabrizə aparacaq. Sabah onlardan Samir Aydınov (-54 kq) birinci mərhələdə əfqanıstanlı Əbdül Zazai ilə, Elvin Məmmədov (-74 kq) ABŞ - Çin Taypeyi görüşünün qalibi ilə, Xəyalə Quliyeva isə ilk mərhələdə sudanlı idmançı Eman Siddiqlə mübarizəyə qoşulacaq. Günün döyüşləri Bakı vaxtı ilə səhər saat 05:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə