Boks üzrə muxtar respublika turniri keçirilib

Boks üzrə muxtar respublika turniri keçirilib
Şərur Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş boks üzrə muxtar respublika turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra yarışın baş hakimi yarışın qaydaları haqqında məlumat verib. 
Naxçıvan MR Boks Federasiyasının sədri Məhərrəm Talıbov turniri açıq elan edərək idmançıları təbrik edib, onlara uğurlar arzulayıb. 
Sonra açılış mərasiminin bədii hissəsi olub. Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin "Arpaçay" instrumental ansamblının, "Şərur qönçələri" kollektivinin ifası turnir iştirakçılarına xoş ovqat bəxş edib. 
Yarış 42 kiloqram çəki dərəcəsində olan boksçuların mübarizəsi ilə başlayıb. On dörd çəki dərəcəsi üzrə keçirilən turnirdə 10 komandada 200-dən artıq idmançı iştirak edib. Yarışın birinci günü seçmə və yarımfinal görüşləri keçirilib. İkinci gün keçirilən final döyüşlərində isə 28 boksçu mübarizə aparıb. 
Turnirdə komanda hesabına görə Naxçıvan şəhərinin, Şərur və Culfa rayonlarının boksçuları ilk üç yeri tutublar.
Sonda qaliblərin mükafatlandırılması mərasimi olub. Fəxri yerləri tutan komandalara və idmançılara kubok, diplomlar və qiymətli hədiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə