UEFA Çempionlar Liqasının yarımfinalında dünən gecə oynanılan növbəti \"El Klassiko\" gözlənildiyi kimi \"Barselona\"nın qələbəsi ilə başa çatıb. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasının ilk yarımfinal qarşılaşmasında \"Santyaqo Bernabeu\"da əzəli rəqibinə 0:2 hesabı ilə uduzan kral klubu, \"Noukamp\"da keçirilən cavab qarşılaşmasında ancaq bir qol vura bilib ki, bu da onun Avropanın ali futbol turniri ilə vidalaşmasını rəsmiləşdirib. Kral klubunun qolkiperi İlker Kasilliyas bir çox epizodlarda komandasını qollardan xilas edə bilsə də, artıq qarşılaşmanın 54-cü dəqiqəsində Pedronun \"Real\"a qol vurmasının qarşısını heç cür ala bilməyib. Düzdür, qarabala Marsello oyunun 64-cü dəqiqəsində \"Barselona\"nın torunu silkələməklə, kral klubunun azarkeşlərində nəyinsə dəyişəcəyinə ümid yarada bilib. Amma məsələ burasındadır ki, bu elə ümid olaraq da qalıb. Bununla da iki oyunun nəticəsinə görə 3:1 qalib gələn katalon klubu, finalda rəqibini gözləyir. Çox güman ki, bu rəqib, 2009-cu ildə də UEFA Çempionlar Liqasının finalında \"Barselona\"ya rəqib olmuş \"Mançester Yunayted\" klubu olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB