Tatarıstanın paytaxtı Kazan şəhərində dünya şahmat tacı uğrunda iddiaçıların turniri başlayır. Siasport.az saytı xəbər verir ki, dünyanın ən güclü 8 qrossmeysteri hindistanlı dünya çempionu Vişvanatan Anandın gələcək rəqibini müəyyənləşdirmək üçün Olimpiya sistemi üzrə mübarizə aparacaqdır. Turnirin iştirakçıları arasında Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da vardır. Turnirdə 8 qrossmeystr iştirak edir: Vladimir Kramnik, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (hər ikisi Azərbaycan), Levon Aronyan (Ermənistan), Veselin Topalov (Bolqarıstan), Qata Kamski (ABŞ), Boris Gelfand (İsrail).
Kazanın "Korston" mədəniyyət-işgüzar mərkəzində təşkil edilmiş turnir mayın 27-dək davam edəcəkdir. Turnirin qalibi 2012-ci ildə hazırkı dünya çempionu Vişvanatan Anandla şahmat tacı uğrunda mübarizə aparacaq.
İddiaçıların turnirinin Kazan şəhərində keçirilməsi barədə qərar Beynəlxalq Şahmat Federasiyasının 2010-cu il iyulun 23-də Norveçin Tromse şəhərində keçirilmiş prezident şurasında qəbul edilib. İddiaçıların bundan əvvəlki turniri isə 2009-cu il fevralın 16-28-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilib. Həmin turnirdə Bolqarıstan şahmatçısı Veselin Topalov Qata Kamskiyə 4,5:2,5 hesabı ilə qalib gəlmişdi. Nəticədə Veselin Topalov dünya çempionu adı uğrunda mübarizə etmək hüququ əldə etmişdi. 2010-cu ilin may ayında şahmat tacı uğrunda qarşılaşmada Vişvanatan Anand həlledici 12-ci görüşdə iddiaçıya qalib gələrək titulunu qoruyub saxlaya bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB