Elnur Məmmədli IJF reytinqində beş pillə irəlilədi

Elnur Məmmədli IJF reytinqində beş pillə irəlilədi

Azərbaycan cüdoçusu Elnur Məmmədlinin (81 kq) İstanbulda keçirilən Avropa çempionatında qələbəsi onun Beynəlxalq Cüdo Federasiyasının (IJF) dünya reytinqində sürətlə irəliləməsinə imkan verib. Siasport.az saytı xəbər verir ki qitə birinciliyində qələbəyə görə qazandığı 180 xal sayəsində o, 10-cu yerdən 5-ci yerə qalxıb. Hazırda E.Məmmədlinin aktivində 860 xal vardır. Beləliklə, o, siyahıda ondan sonra gələn yaponiyalı Takahiro Nakaidən 22 xal çox qazanıb. Sonrakı yerləri almaniyalı Olimpiya çempionu Ole Bişof, keçmiş Avropa çempionu, rusiyalı Sirajutdin Maqomedov və bir sıra tanınmış atletlər tutur. Elnurdan əvvəlki yerləri Koreya Respublikasının nümayəndəsi, iki dəfə dünya çempionu Cae-Bum Kim, Braziliya nümayəndəsi Leandro Qulxeyro, rusiyalı İvan Nifontov və Böyük Britaniya təmsilçisi Euan Barton tutur. Elxan Məmmədov (90 kq) da öz çəki dərəcəsində beşincidir. Lakin hələlik onun sabit nəticələrlə öyünməsinə əsas yoxdur. Elxan bu ilin əvvəlində "World Masters" turnirində qalib gəlib, Avropa çempionatında isə elə ilk döyüşdən sonra mübarizədən kənarda qalıb. Elxan reytinq siyahısında yaponiyalı Takaşi Ono, onun həmvətəni Daiki Nişiyama, rusiyalı Kirill Denisov və yunanıstanlı İlias İliadisdən geri qalır.
Tərlan Kərimovun (66 kq) Avropa çempionatında qazandığı gümüş medal onun reytinqdə 15-ci yerə qalxmasına imkan verib. İlqar Müşkiyevin (60 kq) İstanbula səfəri də hədər olmamışdır. Hazırda o, 24-cü yerdədir. Nicat Şıxəlizadə (60 kq) ilk 20 reytinq xalı qazanıb. Elmar Qasımovun (100 kq) işləri hələlik o qədər də uğurla getmir. O, siyahıda 32-ci yerdədir. Eyni sözləri 87-ci yeri tutan Renat Mirzəliyev (73 kq) barəsində də demək olar. Emil Tahirov isə (100 kq-dan çox) 92-ci yerdədir.
Cüdoçu qadınlara gəldikdə isə Kifayət Qasımovanın (57 kq) Avropa çempionatında 5-ci yeri tutması onun reytinq siyahısında 21-ci yerə çıxmasına imkan vermişdir. Ramilə Yusubova isə 24-cü yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə