Bəhruz Nəbiyev: "Dünya kubokunda 100 polo atı komandaların ixtiyarına veriləcək" AÇIQLAMA

Bəhruz Nəbiyev: "Dünya kubokunda 100 polo atı komandaların ixtiyarına veriləcək" AÇIQLAMA

"Sentyabrın 9-dan 11-dək Bakıda "CBC Sport" arena polo üzrə dünya kuboku yarışı keçiriləcək. Bu ilki yarışda 4 komanda mübarizə aparacaq. Bu komandalar Azərbaycan, Argentina, İspaniya və İsveçrəni təmsil edir. Azərbaycan təmsilçisi "Elite Horse & Polo Club" ötən il ölkəmizdə keçirilən arena polo üzrə Avropa çempionatında qalib gəlmiş oyunçulardan ibarət klubdur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev deyib.

O qeyd edib ki, "CBC Sport" arena polo üzrə dünya kuboku ötən ildən fərqli olaraq, 2013 və 2014-cü illərdə keçirilən tədbirlərlə eyni konseptdədir: "Yarışda 100 polo atı komandaların ixtiyarına veriləcək. Onların 80-i Argentinadan, 20-si isə Qarabağ bölgəsindən gətirilib. Binə Atçılıq Mərkəzindəki "Elit Atçılıq və Polo" klubda təşkil olunacaq yarışın oyunları hər gün saat 18:00-da başlayacaq. Hər gün keçirilən 2 oyunların nəticəsində final və üçüncülük uğrunda qarşılaşmalar müəyyən olunacaq".

Baş katib yarışın hakimləri haqda da danışıb: "Bu yarışlarda bütün oyunların hamısını eyni hakimlər kollegiyası idarə edir. Hakimlər Almaniya, İsveçrə, Argentina və İngiltərədən dəvət olunublar. Yarışda əsas, köməkçi, top və vaxt hakimi iştirak edəcək. Oyun 7 dəqiqə 30 saniyə olmaqla 4 hissədən ibarət olur. Yalnız üçüncülük uğrunda və final oyununda bərabərlik qeydə alınarsa, uzatma vaxtı təyin oluna bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə