Arena polo üzrə dünya kubokunun iştirakçıları təqdim olundu FOTOLAR - SƏS TV

Arena polo üzrə dünya kubokunun iştirakçıları təqdim olundu FOTOLAR - SƏS TV

Bakıda təşkil olunacaq "CBC Sport" arena polo üzrə dünya kuboku yarışına həsr olunmuş mətbuat konfransı və iştirakçı komandaların təqdimetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, konfransda iştirak edən Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev və "World Polo" şirkətinin rəhbəri Reto Qaudenzi yarışın əhəmiyyəti haqqında danışıblar.

Baş katib B.Nəbiyev ARAF-ın təşkil etdiyi yarış haqqında məlumat verib: "Sentyabrın 9-dan 11-dək Bakıda "CBC Sport" arena polo üzrə dünya kuboku yarışı keçiriləcək. Binə Atçılıq Mərkəzindəki "Elit Atçılıq və Polo" klubda baş tutacaq yarışda dörd beynəlxalq polo klubunu təmsil edən komanda kubok uğrunda mübarizə aparacaq".

O bildirib ki, yarışlara sentyabrın 9-da saat 18:00-dan etibarən start veriləcək. Qeyd edib ki, turnirin sonuncu günü - sentyabrın 11-də üçüncü yer uğrunda oyun və final qarşılaşması keçiriləcək.

B.Nəbiyevin sözlərinə görə yarışda 100 polo atı komandaların ixtiyarına veriləcək: "Onların 80-i Argentinadan, 20-si isə Qarabağ bölgəsindən gətirilib. Dünya kuboku çərçivəsində paytaxtımızda "Bakı-Morits polo gecəsi" adlı tədbir də təşkil olunacaq".

Artıq bir neçə ildir ki, ARAF-ın Beynəlxalq Polo Federasiyası (BPF) ilə birlikdə yüksək səviyyəli arena polo üzrə turnirin keçirilməsinə nail olduğunu deyən B.Nəbiyev bildirib ki, Federasiyanın prezidenti Elçin Quliyevin əməyi nəticəsində polo son dörd ildə ölkəmizdə beynəlxalq səviyyəyə çatdırılıb: "Ötən il arena polo üzrə birinci Avropa çempionatında Azərbaycan komandasının qalib gəlməsi buna ən parlaq misal ola bilər. Son illərdə Azərbaycanın paytaxtında ARAF, BPF və "Elit Atçılıq və Polo" klubunun birgə təşkilatçılığı ilə üç uğurlu polo turniri keçirilib. Bakıda atçılığın polo növü üzrə iki dəfə dünya kuboku yarışları təşkil olunub. Cari ildə Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına ev sahibliyi edib".

Reto Qaudenzi isə Azərbaycanın möhtəşəm beynəlxalq yarışları uğurla təşkil etdiyini, "CBC Sport" arena polo üzrə dünya kubokunun da yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. O, yarışın ciddi idman mübarizəsi şəraitində keçəcəyini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Mətbuat konfransından sonra iştirakçı komandaların təqdimetmə mərasimi keçirilib.

Komandalar:

TEAM BADRUTT'S PALACE HOTEL (Evviva Polo Club St Moritz, İsveçrə)

Patrik Maletski (GER, +4)

Tito Gaudenzi (CH, +3)

René Kleinlugtenbelt (GER, +1)

TEAM GILAN HOLDING (Elite Horse & Polo Club Bakı, Azərbaycan)

Tarlan Gurbanaliyev (AZ, +2)

Rəşad Həsənov (AZ, +2)

Elçin Jamallı (AZ, +3)

Ali Rzayev (AZ, 0)

TEAM BOGNER (Santa María Polo Club Sotogrande, İspaniya)

Richard Faqan (IRL, +1)

Santiago Torreguitar (ESP, +4)

Mario Gomez (ESP, +3)

William Redford (ESP, +1)

TEAM İTALDİZAİN Group (Alegría Polo Club Buenos Aires, Argentina)

Fabio Meier (CH, +2)

Luca Meier (CH, +2)

Fabian Bolanterio (ARG, +4)

Werner Meier (CH, +1)

Komandalar üç əsas idmançı və bir əvəzedici oyunçudan ibarətdir.

Münsif hakim: Marcelo Garrahan

Spiker: Jan-Erik Franck

Tabelçi: Christian Dunkelberg

Ball Hakim: Antonio D'Aurelio

Polo DJ: DJ Ray Douglas

Bütün xəbərlər Facebook səhifəmizdə