Təhsil naziri şahmat məkəbləri haqqında danışdı

Təhsil naziri şahmat məkəbləri haqqında danışdı
"Hazırda Təhsil Nazirliyi sistemində 66 uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir və burada 35 minə yaxın məktəbli şahmatla məşğul olur". Siasport.az xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, məktəbli-şahmatçılar ölkədaxili və beynəlxalq yarışlarda müvəffəqiyyətlə çıxış edirlər. Nazirin sözlərinə görə, onlar 2009-cu il Avropa və Dünya birinciliklərində 2 qızıl, 2 gümüş və 1 bürünc medal, 2010-cu ildə isə 10 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. O vurğulayıb ki, 2010-cu ildə həmçinin, 2 nəfər "Beynəlxalq dərəcəli idman ustası" normasını, 4 nəfər isə "FİDE ustası" normasını yerinə yetirib.
"2009-cu ildən başlayaraq şahmat məktəblərinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülüb. Naxçıvan şəhər Şahmat Məktəbi üçün ən müasir texnologiyalarla təchiz olunan bina tikilərək istifadəyə verilib, Yevlax və Şamaxı rayon şahmat məktəblərinin binaları yenidən qurulub, lazımi avadanlıqlarla təchiz edilib, o cümlədən Kürdəmir, Bərdə, Zaqatala, Neftçala, Qax, İsmayıllı rayon və Sumqayıt şahmat məktəbləri isə əsaslı təmir edilib. 2011-ci ildə də bu istiqamətdə bir neçə işlərin görülməsi nəzərdə tutulur. Belə ki, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi və Bakı şəhəri 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyaları Uşaq-Gənclər Şahmat məktəbi əsaslı təmir edilib, Quba və Xaçmaz rayon şahmat məktəblərinin binaları üçün yenidən tikilib və istifadəyə vermək üçün hazırdır. Ağcabədi, Ucar və Goranboy şahmat məktəbləri üçün isə yeni binaların tikintisi davam etdirilir. Masallı və Ağstafa məktəblərində isə hazırda əsaslı təmir işləri aparılır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə