“Zenit”in pik nöqtəsi... FOTOLAR

“Zenit”in pik nöqtəsi... FOTOLAR

Azərbaycanda idmanın inkişafina böyük fikir verən ulu öndər Heydər Əliyev deyirdi: "İdmanımızın, bədən tərbiyəmizin çox geniş imkanları var. Biz bunu ümumxalq hərəkatına çevirməliyik. Ona nail olmalıyıq ki, bədən tərbiyəsi və idman Azərbaycanın hər bir gənci, hər bir vətəndaşı üçün bir adət, ənənə olsun. Azərbaycan gənci bir gün də bədən tərbiyəsi və idmandən kənarda qalmasın. Biz buna nail olmalıyıq. Bu, xalqımızın gələcəyi deməkdir". Əbədiyaşar prezidentimizin bu sözlərini əllərində bayraq tutan "Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyi yarandığı 1993-cü ildən böyük uğurlar əldə edir. 2014 və 2015-ci ildə Dünya, Avropa və Beynəlxalq yarışlarda qazanılan uğurlarına görə respublikada ilin ən yaxşı idman cəmiyyəti adına layiq görülüb. Bütün bunlardan ruhlanan İdman Cəmiyyəti 2016-cı ilin cəmi 8 ayı ərzində daha böyük uğurlara imza atıb. Hətta bu uğur Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiadasında özünün pik nöqtəsinə çatıb. Çünki bu İdman Cəmiyyətinin üzvü Cəbrayıl Həsənov bürünc müdala layiq görülüb. Cəmiyyətin bütün kollektivi bu sevinclə yaşadığı günlərdə "Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Bədən Tərbiyəsi və İdman Xadimi Fazil Hadıbəyovla həmsöhbət olduq.

- Bütün azərbaycanlılar kimi biz də olimpiadanın gedişini böyük maraqla izləyirdik,-deyə Fazil Hadıbəyov sözə başladı. Çünki inanırdıq ki, Olimpiadada olan idmançılarımız bizi öz uğurları ilə sevindirəcəklər. Nə gizlədim. Cəbrayıl Həsənovun isə yarışlarına daha çox həyəcanla baxırdıq. Özü də biz inanırdıq ki, o, hökmən qızıl medal alacaq. Çünki Cəbrayılın məşqçisi Aslan Ağayev onunla çox ciddi məşq edirdi və deyirdi ki, "Cəbrayıl bu Olimpiadadan hökmən qızıl medal gətirəcək". Əgər hakimlər rusiyalı güləşçi Ənvər Geduyev ilə döşək üzərinə çıxan Cəbrayıla qarşı pis mövqe tutmasaydılar və qərəzçilik etməsəydilər, onun iki xalını kəsməsəydilər biz inanırdıq ki, o, qızıl medal alacaq. Çünki Cəbrayıl kolumbiyalı Karlos Arturo İzkuerdo Mendes, gürcüstanlı Yakob Makaraşvili və özbəkistanlı Bekzad Abduraxmanov üzərində çox asanlıqla qələbə çalmışdı.

Cəbrayıl bu yarışa qədər az bir zamanda böyük bir uğurlu yol keçib. Belə ki, keçən il Bakıda keçirilən I Avropa Oyununun bürüc mükafatçısı, Bakı İdman Sarayında ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə II Qızıl Qran-pri beynəlxalq turnirinin qalibi, Litvanın paytaxtı Riqada keçirilən Avropa çempionatının gümüş mükafatçısı, Serbiyanın Zrenyanin şəhərində 2016-cı Rio-de-Janeyro Yay Olimpiya oyunlarına vəsiqə verən Avropa təsnifat turunun qızıl medalçısı olub. Deməli, bütün bu qələbələr də bizə əsas verirdi ki, onu Olimpiya çempionu görək. Nə etmək olar. Olimpiadada bürünc medal da böyük qələbə deməkdir. Biz bununla çox sevinirik və bütövlükdə xalqımız kimi Cəbrayıl Həsənovla, eləcə də medal alan bütün idmançılarımızla fəxr edirik. Bu Olimpiadada 207 ölkə iştirak edirdi. Həmin ölkələrin yalnız 87-si medal qazanıb. Ümumi qazanılan uğurların sayına görə ölkəmiz 39-cu yeri və medal sayına görə 15-ci yeri tutdu. Bu, doğrudan da böyük qələbədir.

- 2016-cı ilin əvvəlindən bu günə kimi sizin başqa idmançılar hansı qələbələri əldə ediblər?

- Bu il doğrudan da bizim üçün çox uğurlu il olub. Baxmayaraq ki, hələ ilin axırına 4 ay var və biz ayrı-ayrı yarışlarda iştirak edəcəyik, amma bu vaxta qədər əldə etdiyimiz uğurları çoxminli oxuculara da bildrirmək istəyirəm. 02-03 aprel tarixlərində Bolqarıstanda keçirilən Avropa çempionatında Cavid Qurbanovun yetirməsi Zəlimxan Vəliyev III yerə çıxdı. 07-11 aprel tarixlərində yeniyetmələr və gənclər arasında Fransanın Tuluza şəhərində keçirilən Avropa birinciliyində Yaqub Abdullayevin yetirmələri Fuad Məmmədov və Abdulla Abdullayev hər ikisi III yerə layiq görüldülər. 27-29 may tarixlərində cüdo üzrə gənclər arasında Avstriyanın Leibenitz şəhərində keçirilən Avropa birinciliyində Emin Fətullayevin yetirməsi Kəramət Hüseynov III yerin qalibi oldu. 22-23 iyun tarixlərində Rumıniyanın Buxarest şəhərində gənclər arasında keçirilən Avropa çempionatında Yunan-Roma güləşi üzrə yarışda Əbülfət Məmmədovun yetirməsi Nofəl Babayev I yerə , Zöhrab Abbasovun yetirmələri Mikayıl Rəhmanov I yerə və Sənan Süleymanov III yerə layiq görüldülər. 23-24 iyul tarixlərində Çexiyanın Praqa şəhərində gənclər arasında Avropa kuboku yarışlarında Emin Fətullayevin yetirməsi Kəramət Hüseynov cüdo güləşi üzrə I yeri tutaraq kubokun sahibi oldu. Bütün bunlar bizim yalnız bir neçə ayda əldə etdiyimiz qələbələrdir. Çox böyük perspektivli idmançılarımız yetişir. Məşqçilər də onların inkişafı üçün əllərindən gələni edirlər. İnanıram ki, adlarını çəkdiyim bu idmançıların hamısı Cəbrayıl Həsənov kimi gələn Olimpiada yarışlarına lissenziya qazanacaqlar.

-Bu idmançıların hazırlamnasına şərait yaradılmasında, həmin yarışlara getmək üçün maliyyə dəstəyi göstərilməsində və eləcə də bütün başqa işlərdə sizə köməklik edənlər varmı?


- Atalarımızın belə bir məsəli var: "Tək əldən səs çıxmaz". Əlbəttə, Milli Olimpiya Komitəsinin, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyevin, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin sədri Nadir Əliyevin, Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun, Azərbaycan Güləş Fedorasiyasının prezidenti Fazil Məmmədovun və onların rəhbərlik etdikləri təşkilatların işçilərinin bizə çox böyük köməklikləri dəyir. Təkcə dünya və Avropa yarışlarına idmançı göndərməkdə yox, həm də olkədə kütləvi idman yarışları, sapartakiadalar keçirməkdə onlar bizə çox böyük köməkliklər edirlər. Bu yarışlarda isə bütün klublarımız və cəmiyyətlərimiz iştirak etməklə, minlərlə insan yarışlara cəlb olunur. Bax, Ulu Öndərin vaxtı ilə bizə verdiyi tövsiyyə kimi çalışırıq ki, Azərbaycanın heç bir yeniyetməsi və gənci bu yarışlardan kənarda qalmasın.

- Bəs sizin təsisçiləriniz necə, bu işdə sizə hansı köməkliklər edirlər?

- Bizdə sənin-mənim yoxdur. Təssisçilərimiz Elektroenergetika və Elektrotexnika Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rafiq İldarov, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədri Rüfət Müfidzadə, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının sədri Etibar Əliyev, Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Əli Hümbətov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov və "Baku" Stil Komponi İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Əliqulu Quliyevlə biz hamımız bir yerdə iş görürük. Bütün bu qələbələr də bizim hamımızındır. Adi bir misal deyim. Cəbrayıl Həsənovun Olimpiya və başqa yarışlara hazırlaşmasında, oradan böyük qələbələrlə qayıtmasında Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov əlindən gələni edir. Eləcə də onun məşqçisi, Beynəlxalq dərəcəli idman ustası, Prezidentin Diplomuna layiq görülmüş Aslan Ağayevə bütün şəraitlərin yaradılmasında da Bəkir müəllimin xidmətləri danılmazdır. Biz, birlikdə böyük qüvvəyik. Eləcə də bütün bu yarışlarda bizi Azərbaycan xalqı dəstəkləyir. Bax, bütün bunlardan da biz daha çox ruhlanıb, əlimizdən gələni edirik ki, bizə göstərilən bu etimadları doğruldaq.

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə