Yaşar Rüstəmov: "Miçoviçə Rusiya liqasından çoxlu təkliflər gəlirdi, lakin o, bizim komandanı seçdi"

Yaşar Rüstəmov: "Miçoviçə Rusiya liqasından çoxlu təkliflər gəlirdi, lakin o, bizim komandanı seçdi"
"Miçoviçə Rusiya liqasından çoxlu təkliflər gəlirdi, lakin o, bizim komandanı seçdi". Siaspor.az saytı xəbər verir ki, bu sözləri "Abşeron"un prezidenti Yaşar Rüstəmov deyib. O, futbolçuyla danışıqlar aparıldığını qeyd edib: "Onunla söhbət edəndən sonra başa düşdü ki, Bakıda qalıb işləmək olar. Bizim komanda hələ gəncdir. Miçoviç kimi peşəkar futbolçuya komandamızın böyük ehtiyacı var. İstəyirik ki, bizim gənc qapıçılarımız ondan nə isə öyrənə bilsinlər".
Daha sonra isə klub prezidenti Andrey Popoviç haqqında fikirlərini bildirib: "Əsas heyətin oyunçusu olan Andrey Popoviçi "Bakı" klubundan icarəyə götürmüşük. Popoviç indi milli komandanın üzvüdür. Halbuki Andrey "Bakı" klubunun hətta əvəzedici heyətində yer almırdı.
A.Popoviç "Abşeron"un qapısını qoruduğu müddətdə qapısından yalnız bir top buraxıb. Bu qol isə "İnter"lə kubok oyununa təsadüf edir. O, ikinci divizionda "Abşeron"un qapısını toxunulmaz saxlayıb. Bayaq dediyim kimi, Miçoviçi komandamızın heyətinə cəlb etməkdə əsas məqsədimiz ondan ibarət idi ki, gənc dəri əlcək sahiblərimiz bu qapıçının təcrübəsindən yararlansınlar. Seçimdə yanılmamışıq. Şübhəsiz, 18 yaşlı gənc qapçının təcrübəli qapıçı ilə bir yerdə işləməsi onun inamlı çıxışına zəmin yaradıb. Miçoviç son 10 ildə Azərbaycan çempionatında iştirak edən yüksək səviyyəli legionerlərdən biridir". 


Bütün xəbərlər Facebook səhifəmizdə