“Rabitə” “Lokomotiv”dən qisasını aldı!

“Rabitə” “Lokomotiv”dən qisasını aldı!

Bu gün Masallıda qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində II dövrənin oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, günün ilk matçında I dövrədə olduğu kimi, ötən mövsümün finalçıları - "Lokomotiv" və "Rabitə" üz-üzə gəliblər. Bu matçda Azərbaycan çempionu "Rabitə" rəqibindən son məğlubiyyətin əvəzini çıxmağı bacarıb. Belə ki, oyuna fəal başlayan Dejan Brdjoviçin yetirmələri ilk setdə çətin qələbə qazansalar da (25:21), II hissədə "dəmiryolçulara" göz açmağa imkan verməyiblər. Bunun nəticəsi olaraq, "Rabitə" bu dəfə 9 top fərqi ilə qalib gəlib – 25:16.
III set də Çempionlar Liqasının finalçısının hücumları ilə başlayıb. Onlar hətta hissənin əvvəlində 8 top önə keçməyi bacarıblar – 9:1. Lakin bundan sonra çətin vəziyyətdən çıxan Draqutin Baltiçin yetirmələri hesabı arasındakı fərqi 1 topa endiriblər – 14:15. Bu isə "Rabitə"ni həvəsdən salmayıb və onlar əzmkar mübarizə nəticəsində final mərhələsinin ilk turundakı ssenarinin təkrarlanmasına imkan verməyiblər - 24:26. Həmin görüşdə 2:0 irəlidə olan "Rabitə" yekunda 2:3 hesabı ilə uduzsa da, bu dəfə "quru hesabla" qələbə qazanıb. Bu həmçinin final mərhələsinin arxada qalan 3 turunda 3:0 hesabı qeydə alınan ilk oyun olub.

Bütün xəbərlər Facebook səhifəmizdə