Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda əsas millimiz Macarıstana 3:1 hesabı ilə qalib gəlib. SİA-nın məlumatına görə, dördüncü lövhədə mübarizə aparan Arkadiy Naydiç Benjamin Qleduranı məğlub edib. Mətbuat konfransında Naydiç qələbə qazandığı partiyanı belə şərh edib: "Gərgin partiya alındı. Debütdən sonra oyunu bərabərləşdirə bildim. Daha sonra rəqibim bir qədər qəribə oynamağa başladı. Sonda istəyimə çatdım. Macarıstanlı şahmatçı çalışsa da, yenilgidən qaça bilmədi. Ötən Avropa çempionatında biz Macarıstana 0,5:3,5 hesabı ilə uduzmuşduq. Yeganə yarım xalı Petor Lekodan almaq mümkün olmuşdu. Leko bu yarışda yoxdur. Amma Macarıstan millisi o olmadan da güclüdür. Bu səbəbdən də görüşə çox ciddi şəkildə hazırlaşmışdıq".
Naydiç rəqibini məğlub edənə qədər komanda yoldaşlarından Şəhriyar Məmmədyarov qələbə qazandığı halda, Teymur Rəcəbov məğlub olub. Şahmatçı vəziyyəti belə dəyərləndirib: "Görüş əvvəldən gərgin alındı. Şəhriyarın vəziyyəti qeyri-müəyyən idi. 3 saatdan sonra onun qələbə qazanacağı ehtimal edilirdi. Teymur isə əksinə, çətin vəziyyətə düşmüşdü. Raufun müəyyən qədər üstünlüyü var. Lakin partiya heç-heçəyə oxşayır. Mənim oyunumda da gedişat heç-heçəyə oxşayırdı. Bu səbəbdən də ya mən, ya da Rauf qələbə qazanmalı idi. Əlimizdən gələni edirdik ki, ikimizdən biri qələbə qazansın. Bu halda komanda yoldaşlarımız daha rahat oynaya biləcəkdilər".
Naydiç dördüncü lövhədə oynamağın onun üçün ciddi əhəmiyyət kəsb etmədiyini bildirib: "Komandamızdakı 5 idmançının hamısı güclüdür. Şəhriyar və Teymurun təqdimata ehtiyacı yoxdur. 4-cü lövhədə oynadığımdan əksər oyunlarda reytinqimə görə favorit hesab olunuram. Turnir uzundur. Hər kəs əlindən gələni edir ki, komandaya daha çox fayda versin. Mənim üçün hansı lövhədə oynamağın heç bir fərqi yoxdur".
Naydiç komanda yoldaşı Teymur Rəcəbovun yüksək səviyyəsini qeyd edib: "Teymur Rəcəbov yüksək səviyyəli şahmatçıdır. O, dünyanın ən güclülərindən biridir. Teymur nə etməli olduğunu çox yaxşı bilir".
Təcrübəli qrossmeyster yığmamızın düşərgəsində əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu vurğulayıb: "Komandamızın məşqçisi Etyen Bakro ilə uzun ilərdir dostluq əlaqələrimiz var. Onu çox yaxşı tanıyıram. Kapitan Aleksendr Dreyev isə daha əvvəl Şəhriyar və Raufla birgə çalışıb. Komandada vəziyyət çox yaxşıdır. Hər kəs qələbəyə köklənib".
Sonda Naydiç olimpiadanın favoriti qismində 3 komandanın adını çəkib: "Olimpiadanın favoritləri Rusiya, ABŞ və Çindir. Bizim nəticəmiz bu komandalara qarşı oyunlardan asılı olacaq. Bir qədər bəxtimiz gətirsə, medal qazanmağımız mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB