ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 42-ci Şahmat Olimpiadasından əvvəl Amerika milli şahmat komandasının üzvləri və yerli şahmatçılarla görüşüb. SİA-ya ABŞ-ın ölkəmizdəki səfirliyindən verilən məlumata görə, Respublika Şahmat Mərkəzində təşkil olunmuş tədbirdə diplomat olimpiadanın keçirilməsi üçün Bakı şəhərinin seçilməsi münasibətilə öz təbriklərini çatdırıb.
Səfir Sekuta bildirib ki, şahmat məntiqi təfəkkür üçün lazım olan önəmli bacarıqların formalaşmasına kömək edir. "Şahmat qərarlar qəbul etməyi öyrədir, yaddaşı inkişaf etdirir, iradə qüvvəsini möhkəmləndirir, uşaqları qələbəyə həvəsləndirir və onlara məğlubiyyətin öhdəsindən gəlməyi öyrədir. Bu cür bacarıqlar sərhədləri aşır və bu kimi yarışlar dünyanın müxtəlif yerlərindən olan oyunçuların bir araya gəlməsinə kömək edir".
Birləşmiş Ştatlarda şahmatın inkişafına Bencamin Franklindən başlayaraq ABŞ-ın keçmiş təhsil naziri Terrel Bellə qədər bir sıra müəllimlər tərəfindən dəstək verilib. Səfir Sekuta, Azərbaycanda şahmatın inkişafı istiqamətində Azərbaycan hökuməti və Şahmat Federasiyası tərəfindən həyata keçirilmiş fəaliyyəti qeyd edib və ölkələrimiz arasındakı əlaqələrin qurulması baxımından bu cür tədbirlərin, təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, tədbirə dəvət olunduğuna görə Respublika Şahmat Mərkəzinə təşəkkür eib və iştirakçılara uğurlar arzulayıb.
Səfirliyin açıqlamasında o da deyilir ki, ABŞ səfirliyi dünyanın müxtəlif ölkələrindən olan 1,600-dən çox oyunçunun iştirak etdiyi bu olimpiadada, Amerikanın kişilər və qadınlardan ibarət olan komandalarını dəstəkləməkdən qürur duyur. Fabiano Karuana, Hikaru Nakamura və Uesli So (hazırda dünyada müvafiq olaraq 3, 6 və 7-ci reytinq göstəricilərinə malikdirlər) kimi oyunçuların başçılıq etdiyi ABŞ-ın kişilərdən ibarət komandası açıq rəqabətdə bu günə qədər ən yüksək reytinqə malik olan komandadır və onlara böyük ustalıqla Sem Şankland və Rey Robson dəstək verir. Bakıda səfərdə olan Amerika komandası Birləşmiş Ştatlarda bu günə qədər olan ən gənc komandadır, belə ki, bütün oyunçuların yaşı 30-dan azdır və orta yaş həddi 24-dür. Hər ikisi dünyanın 40 aparıcı qadın şahmatçısı arasında yer alan İrina Kruş və Anna Zatonskihin başçılıq etdiyi ABŞ-ın qadınlardan ibarət komandası altıncı yerdə qərarlaşıb və 2008-ci ildə evə bürünc medal ilə qayıtdıqları möhtəşəm oyunu yenidən təkrarlamağı hədəfə alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB