Bakı Şahmat Olimpiadası ilə bağlı mətbuat konfransı keçirilib FOTOLAR - SƏS TV

Bakı Şahmat Olimpiadası ilə bağlı mətbuat konfransı keçirilib FOTOLAR - SƏS TV

Bakıda təşkil olunacaq 42-ci Ümumdünya Şahmat Olimpiadası ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatımna görə, Bakı Kristal Zalda baş tutan konfransda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Olimpiadanın baş hakimi Faiq Həsənov çıxış edib və iştirakçıların suallarını cavablandırıblar.

Tədbirdə Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Gənclər və idman naziri Azad Rəhimov Olimpiadaya hazırlıq prosesində Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib. Nazir əmin olduğunu bildirib ki, həm kişilər, həm də qadınlardan ibarət komandalarımız uğurla çıxış edərək yüksək nəticə göstərəcəklər. A.Rəhimov Olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, təşkilati işlərin peşəkarlıqla həyata keçirildiyini vurğulayıb.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov 2014-cü ilin fevralında Azərbaycan Prezidentinin Sərəncamına əsasən Olimpiadanın keçirilməsi üçün yaradılan Təşkilat Komitəsinin bütün prosesləri yüksək səviyyədə həyata keçirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bütün aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində Bakı Kristal Zal mötəbər yarış üçün tam hazır vəziyyətə gətirilib.

Qonaqların artıq Bakıya gəlmək üzrə olduqlarını deyən M.Məmmədov nümayəndə heyətlərinin ölkəmizə rahat gəlişi üçün dövlətimizin başçısının imzaladığı Sərəncam sayəsində sadələşdirilmiş viza rejiminin tətbiq olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, idmançıların təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlərin görülüb. Təşkilati işlərə 500-dək könüllü cəlb edilib. Olimpiadanın açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında başlayacaq. Yarışlara isə sentyabrın 2-də saat 15:00-da start veriləcək.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov Bakının bu mötəbər yarışa tam hazır olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın yüksək səviyyədə ev sahibliyi edəcəyi yarış bu baxımdan olimpiadalar tarixində mühüm tədbirlərdən biri olacaq.

Son illər ölkəmizin mühüm beynəlxalq idman tədbirlərinin keçirildiyi ölkəyə çevrildiyini deyən E.Rüstəmov Olimpiadanın şahmat turnirləri arasında ən mötəbər yarış olduğunu qeyd edib. Həm kişi, həm də qadın şahmatçılarımızdan uğurlu nəticələr gözlədiyini deyən E.Rüstəmov bunun üçün idmançılarımızın yüksək hazırlıq prosesi keçdiklərini, təlim-məşq toplanışlarının təşkil olunduğunu, bu prosesə təcrübəli mütəxəssislərin cəlb olunduğunu diqqətə çatdırıb. E.Rüstəmov Olimpiadada iştirak edən şahmatçılarımıza uğurlar arzulayıb.

Tədbirldə bildirilib ki, Bakının ev sahibliyi etdiyi 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunacaq.

Sonra konfrans iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının işıqlandırılması üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə