“Azərreyl” “Lokomotiv”i məğlub edərək vahid lider oldu

“Azərreyl” “Lokomotiv”i məğlub edərək vahid lider oldu

Dünən Mingəçevirdə qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin II turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçında I turu qələbə ilə başa vuran komandalar - "Lokomotiv" və "Azərreyl" üz-üzə gəliblər. "Çelenc Cup"ın finalçılarının duelində "Azərreyl" bu dəfə də asan qələbə qazanıb. Düzdür, ilk hissəni "Lokomotiv" hesabına yazıb. Lakin məğlubiyyətdən nəticə çıxaran Vüqar Əliyevin yetirmələri ardıcıl 3 setdə qalib gəlməklə, bu mövsüm Draqutin Baltiçin komandası ilə keçirdikləri 5-ci matçda da onlardan üstün olublar – 3:1. Digər qarşılaşmada "Rabitə" "İqtisadçı" ilə qarşılaşıb. Çempionlar Liqasının finalçısı dünənki məğlubiyyətin qisasını universitet komandasından alıb. Belə ki, ilk hissədə rəqibini 25:19 hesabı ilə məğlub edən "Rabitə" növbəti setdə Jan De Bradtın yetirmələrinə 16 xal güzəştə gedib. 0:2 hesablı məğlubiyyətdən sonra "İqtisadçı" oyunda dönüş yaradaraq hissələr arasındakı fərqi azaltsa da, son Azərbaycan çempionu matçın taleyinin tay-brekdə həll olunmasına imkan verməyib. Nəticədə IV setdə 25:18 hesablı qələbə qazanan "Rabitə" universitet komandasını 3:1 hesabı ilə məğlub edib.
Artıq 2 turdan sonra aktivində 4 xalı olan "Azərreyl" final mərhələsinin vahid liderinə çevrilib. 3 xala malik "Rabitə" və "Lokomotiv" növbəti 2 pilləni tuturlar. Sonuncu yerdə isə qələbəyə həsrət "İqtisadçı" qərarlaşıb.

19 aprel

"Lokomotiv" – "Azərreyl" - 1:3 (25:18, 19:25, 21:25; 15:25)
Təsnifat mərhələsindəki oyunları

"Azərreyl" – "Lokomotiv" – 3:0 (28:26, 25:13, 27:25)
"Lokomotiv" - "Azərreyl" - 0:3 (13:25, 12:25, 22:25)

"Rabitə" – "İqtisadçı" - 3:1 (25:19, 25:16, 22:25, 25:18)
Təsnifat mərhələsindəki oyunları
"İqtisadçı" – "Rabitə" - 0:3 (14:25, 27:29, 19:25)
"Rabitə" - "İqtisadçı" - 0:3 (24:26, 23:25, 22:25)

Bütün xəbərlər Facebook səhifəmizdə