Joze Maurinyo yenə Xose Qvardiolaya qarşı!

Joze Maurinyo yenə Xose Qvardiolaya qarşı!

Sabah dünya futbol ictimaiyyətinin bütün diqqəti yenə İspaniyaya yönələcək. Siasport.az saytı xəbər verir ki, iki əzəli rəqib olan \"Barselona\" və \"Real Madrid\" ölkə Kubokunun finalında yenə üz-üzə gələcəklər. Keçən həftə İspaniya çempionatı çərçivəsində qarşılaşan bu iki əzəli rəqib, Kriştiyanu Ronaldonun və Leonel Messinin hərəyə bir dəfə vurduqları qollarla meydandan sülhlə ayrılmışdılarsa, bu dəfə vəziyyət tamam başqadır. Çünki çempionat oyunundan fərqli olaraq bu dəfə tərəflərdən hər hansı birinin itirəcəyi xal deyil, ölkə Kuboku olacaq. \"Barselona\" futbolçuları daha çox bu qarşılaşmadan da qalib ayrılaraq, çempionluğla yanaşı Kuboku da muzeylərinə aparmaq istəyəcəklər ki, bu da başadüşüləndir. Çünki hazırda La Liqada vahid lider olan və ən yaxın izləyicisi \"Real\"dan düz 8 xal öndə gedən katalon klubunun bu il də çempionluğu başı üzərinə qaldıracağı daha çox inandırıcıdır. Bir mövsümdə iki kuboku başı üzərinə qaldırmaq isə hər məşqçiyə və futbolçuya qismət olan uğur deyil. Xose Qvardiola da sabah bunu bacarmaq üçün meydana çıxacaq. İspaniya çempionatında isə qalan 5 qarşılaşmanın hamısında \"Barselona\"nın məğlub olacağını düşünmək sadəlövhlükdür. Bu isə o deməkdir ki, \"Real\" üçün ən yaxşı seçim heç olmazsa ölkə Kubokunu başı üzərinə qaldırmaqla, azarkeşlərinin qəlbini ələ almaq olacaq. Ona bəslənilən ümidləri hələ ki, doğrultmayan Joze Maurinyo da yetirmələrini buna kökləyib. Əgər sabahkı qarşılaşmada da kral klubu \"Barselona\"nın üzərində qələbə qazana bilməsə, onda J.Maurinyonun mövsümün sonunda yeni klub axtarışına çıxacağı qaçılmazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə