Valentin Demyanenko: "Qızıl medal üçün 70 sm çatmadı"

Valentin Demyanenko: "Qızıl medal üçün 70 sm çatmadı"

"Rio-2016" Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış (kanoe üzrə) Azərbaycan idmançısı Valentin Demyanenko, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti, "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Natiq Abbasov və Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Cəfərlinin iştirakı ilə Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfrans "Rio-2016" Yay Olimpiya Oyunlarında Azərbaycan avarçəkənlərinin çıxışlarına həsr olunub.

AMAF-nın vitse-prezidenti N.Abbasov V.Demyanenkonun 9 ildir Mingəçevirdə yaşadığını və "Kür" Olimpiya Tədris-İdman Mərkəzində məşqlər keçdiyini qeyd edib: "Demyanenko 4 qat dünya, 3 qat Avropa çempionudur. Bir çox beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil edib. Onun idman karyerasının zirvəsi "Rio-2016"da gerçəkləşdi. Demyanenkonu Mingəçevirdə hamı tanıyır. Onun olimpiadada gümüş medal qazanması bütün ölkə ictimaiyyətini sevindirir. Bundan sonra da Azərbaycan avarçəkənləri yüksək nəticələr uğrunda mübarizə aparacaqlar. Gənc idmançılarımızdan medallar gözləyirik. Avarçəkmə spesifik və texnologiyalı idman növüdür. Federasiya bu istiqamətdə öz işini davam etdirir. Növbəti olimpiadada da yüksək nəticələr qazanmalıyıq. Gənc qızlardan isə növbəti olimpiadada çıxış edəcək yerli idmançı görmürəm. Radomskayaya gəlincə, o, razılıq versə, qalıb məşqçi kimi fəaliyyət göstərə bilər. Bu idmançını dördlük kayak növünə də cəlb etmək olar. O, gənc qızları öz arxasınca apara bilər".

N.Abbasov bildirib ki, Bakıda Xocəsən gölündə yeni avarçəkmə bazasının inşası planlaşdırılır: "Oraya axan sular dayandırılmalı və göl təmizlənməlidir. Daha sonra yeni bazanın inşasına başlanmalıdır".

Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi K.Cəfərli Demyanenkonun qazandığı Olimpiya mükafatının Azərbaycanın avarçəkmə tarixində ilk olduğunu vurğulayıb: "Bu olimpiadada Demyanenko ilə yanaşı, Azərbaycanın digər idmançıları da böyük uğurlara imza atdılar. Bu gün hamımız sevinir və qürur hissi keçiririk. Bütün Mingəçevir ictimaiyyəti adından idmançılarımızı təbrik edirəm".

V.Demyanenko isə olimpiadaya qızıl medal qazanmaq üçün getdiyini, ancaq gümüşlə kifayətlənməli olduğunu vurğulayıb: "Hər kəs qızıl medal istəyir. Mən də istərdim ki, qızıl medal qazanım. Hesab edirəm ki, gümüş mükafat da yüksək nailiyyətdir. Şərait baxımından hər şey çatırdı, ancaq mən qızıl medal qazana bilmədim. Həm Londonda, həm də Rioda qızıl medal qazanmağa qadir idim. Ancaq belə alındı. Qızıl medal qazanmağım üçün 70 sm çatmadı. İlk növbədə evə gedib dincəlmək lazımdır. Sonra karyeramı davam etdirib-etdirməyəcəyim haqda düşünəcəyəm.

Karyeramı bitirəndən sonra istənilən halda məşqçi kimi işləmliyəm və bu sahədə olmalıyam. Avarçəkmə mənim həyatımdır.

Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov və mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm".

Sonda idmançının anası Demyanenkonun avarçəkmə növünə gəlişi və qazandığı uğurlar haqda fikirlərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə