Kapoeyro üzrə ümumrespublika çempionatının qalibləri müəyyənləşib

Kapoeyro üzrə ümumrespublika çempionatının qalibləri müəyyənləşib

Şağan Olimpiya İdman Kompleksində keçirilən kapoeyro üzrə 5-ci ümumrespublika çempionatının qalibləri müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, bu yarışda həmişə olduğu kimi peşəkar (15 yaşınadək, 16-18 yaş, 18 və daha yuxarı yaşlar) və qeyri-peşəkar (6-10; 11-13; 14-15; 16-17, 18 və daha yuxarı yaşlar) qruplarda kapoeyroçılar iştirak ediblər. 17 klubdan 100-dən çox idmançı kapoeyronun 3 növü - "solo", "benkela", "rejional" üzrə öz qüvvələrini sınayıblar.

Həvəskarlar arasında fəxri kürsünün yüksək pilləsinə Xəyyam Əsgərov (6-10 yaş), Nurlan Cəlilov (11-13 yaş), Semrah Hüseynov (14-15 yaş), Rüfət Məhərrəmov (16-17 yaş), Şahin Rzayev (18 yaşdan yuxarı) qalxıblar. Peşəkarlar arasında isə qalib Fərid Səlimov (15 yaşadək), Vüqar Tahirov (16-18 yaş) və Elvin Şahbazov (18 yaş və daha yuxarı yaşlar) olub.

Yarışın keçirilməsində məqsəd, kapoeyro idman növünü Azərbaycanda təbliğ etmək, onun inkişafına nail olmaq, idmançılarımızın ustalıqlarını artırmaq, dünya, Avropa və iyun ayında Bakıda keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün idmançıları müəyyən etmək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə